Heydər Əliyev Fondu ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Heydər Əliyev Fondu ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı arasında əməkdaşlıq müzakirə olunub
# 10 iyul 2012 18:48 (UTC +04:00)
Bakı-APA. İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) rəhbəri Məhəmməd Ruiqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonaqlara məlumat verib. Fondun 2004-cü ildən fəaliyyət göstərdiyini deyən Mehriban Əliyeva qurumun müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə bir çox layihələr həyata keçirdiyini bildirib. BMT ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edən Heydər Əliyev Fondunun prezidenti bu təşkilatla birlikdə bir neçə müştərək layihənin reallaşdırıldığını qeyd edib. Azərbaycanın birinci xanımı gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Mehriban Əliyeva FAO-nun nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib. Fondun prezidenti Azərbaycan dövlətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinə kömək etməyə hazır olduğunu vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun da qeyri-hökumət təşkilatı kimi əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Fondun bir çox nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən UNİCEF və UNESCO ilə uğurlu əməkdaşlığından danışıb. Mehriban Əliyeva bu əməkdaşlığın FAO ilə də uğurlu istiqamətdə qurulacağına əmin olduğunu bildirib.

FAO missiyasının rəhbəri Məhəmməd Ruiqi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib. Görüşdə Heydər Əliyev Fondunun FAO-nun Romadakı baş ofisi ilə əməkdaşlığı, ərzaq təhlükəsizliyi, həmçinin bu sahədə xüsusi uşaq müəssisələrinin yaradılması məsələləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR