Azərbaycanda 420 min əlil vətəndaşın 40 minə yaxını gözdən əlildir

Azərbaycanda 420 min əlil vətəndaşın 40 minə yaxını gözdən əlildir
# 04 may 2012 10:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti 5 may – Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunan dəyirmi masa keçirib. APA-nın məlumatına görə, cəmiyyətin sədri Səmyar Abdullayev deyib ki, Azərbaycanda 420 min əlil vətəndaşın 40 minə yaxını gözdən əlildir. Ölkədə gözdən əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımları təqdirəlayiq hesab edən S. Abdullayev MDB ölkələri arasında yalnız Azərbaycanda əlillərin mənzillə və avtomobillə təmin edildiyini söyləyib: “Təkcə 2008-ci ildə 150 əlil ailəsi mənzillə təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gözdən əlillər 132 mənzilli binanın inşası da davam etdirilir”. O, gözdən əlillər üçün Reabilitasiya Bərpa Mərkəzinin tikilməkdə olduğunu da qeyd edib.

S. Abdullayev təmsil etdiyi qurumun dövlət büdcəsindən maliyyələşmədiyini və bu səbəbdən də bir sıra maddi çətinliklərlə üzləşdiyini bildirib.

Bir sıra hökumət qurumlarının da nümayəndələrinin qatıldığı tədbirdə gözdən əlil insanların sosial-iqtisadi problemləri və bunun çözüm yolları, o cümlədən aidiyyəti orqanlarla cəmiyyətin bu sahədə olan münasibətlərinin genişləndirilməsi kimi məsələlər müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR