Rusiya kapitallı sığorta şirkəti Azərbaycan bazarında fəal iştirak niyyətindədir

Rusiya kapitallı sığorta şirkəti Azərbaycan bazarında fəal iştirak niyyətindədir
# 20 sentyabr 2012 17:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Soqlasiye» sığorta şirkətinin Bakıda yeni açılmış nümayəndəliyi 2013-cü ilin sentyabr ayınadək 2 mln. ABŞ dolları həcmində sığorta haqqı toplayacağını proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş direktoru Elnur Süleymanov bildirib.

E.Süleymanovun sözlərinə görə, Bakı nümayəndəliyinin bir illik strateji planında yığımların həcmini 2 mln. dollar, 3 illik strateji planda (2013-2015-ci illər) isə illik 5 mln. dollara çatdırmaq niyyətindədir: «Ümumiyyətlə, şirkət Azərbaycan sığorta bazarına ilk olaraq «Montaj risklərinin sığortası», «Dəniz nəqliyyat vasitələrinin sığortası» və «Kommersiya risklərinin sığortası» növləri üzrə məhsullar təklif edəcək. Azərbaycanda aparılan tikinti işlərinin həcmini və ticarət sektorunun sürətli inkişafını nəzərə alaraq «Soqlasiye» şirkəti bu yeni sığorta növlərini təqdim etməyi planlaşdırır».

E.Süleymanov bildirib ki, nümayəndəliyin açılmasında əsas məqsəd Azərbaycanın sığorta sektorunda proqressiv milli sığorta bazarının formalaşmasına şərait yaratmaqdır: «Bu bazarın artımı üçün inkişaf potensialının mövcud olduğunu nəzərə alaraq, iki ölkə arasında sığorta sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi «Soqlasiye» şirkətinin maraq dairəsindədir».

E.Süleymanov Bakı nümayəndəliyinin təkrarsığorta sahəsində də fəaliyyət göstərəcəyini və Azərbaycan sığorta şirkətlərini bu sahədə əməkdaşlığa dəvət etdiyini vurğulayıb. «Soqlasiye» artıq bir ilə yaxındır ki, təkrarasığorta sahəsində «AzRe Təkrarsığorta» şirkəti ilə əməkdaşlıq edir. Şirkətin Bakı nümayəndəliyi gələcəkdə qəbul edəcəyi riskləri Azərbaycan şirkətləri ilə də bölüşmək niyyətindədir».

Qeyd edək ki, «Soqlasiye» sığorta şirkətinin Bakı nümayəndəliyi sentyabrın 19-da rəsmən fəaliyyətə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR