Rafael Hüseynov AŞPA Nazirlər Komitəsinin sədrinə dini qarşıdurma yaradan meyllərlə bağlı sual ünvanlayıb

Rafael Hüseynov AŞPA Nazirlər Komitəsinin sədrinə dini qarşıdurma yaradan meyllərlə bağlı sual ünvanlayıb
# 02 oktyabr 2012 14:22 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, çıxışdan sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞ Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib.

Azərbaycanlı millət vəkili nazirə sualı son dövrdə bəzi qüvvələrin dini təməldə dünyanın müxtəlif ölkələrində qarşıdurmalar yaratmaq cəhdlərinin doğurduğu təhlükə və İslama qarşı həqarət təmayülləri, kütlələr arasında ciddi narazılıqlar törədən “Müsəlmanların məsumluğu” filmi və digər bu qəbil arzuolunmaz hadisələrə bağlı olub: “Böyük dinlərin müqəddəs kitabları və peyğəmbərləri xalqların heysiyyəti ilə bağlı mühüm rəmzlərdir və bu rəmzlərlə ehtiyatsız, həqarətli davranışlar dəhşətli fəlakətlərə gətirib çıxara bilər. Ona görə də son dövrlərdə yüz milyonlarla insanın tapındığı islam dinini və Məhəmməd Peyğəmbəri bir sıra Avropa ölkələrində, o cümlədən Fransada kütləvi informasiya vasitələrində məsxərəyə qoymaq, filmlərin, karikaturların mövzusuna çevirmək cəhdləri dözülməzdir. Mətbuat azadlığını mətbuat azğınlığı ilə əvəz edən müəyyən qüvvələr sanki məqsədli şəklidə Şərq və Qərb arasında gərginliyi artırmağa çalışırlar. Biz dinlər və mədəniyyətlər arasında dialoqu dərinləşdirməyə səy göstərdiyimiz halda belə qəbuledilməz hərəkətlər cəmiyyəti hər an baş verə biləcək və başlandıqdan sonra qarşısının alınması, dayandırılması mümkünsüz olacaq sosial partlayışlara sürükləyir. Nazirlər Komitəsi üzv ölkələrdə belə halların qarşısının alınması üçün hansı təcili addımların atılmasını zəruri hesab edir?”

Nazirlər Komitəsi sədri E. Panariti bildirib ki, qaldırılan məsələ son dərəcə həssas bir sahəyə toxunur və Avropa Şurası daim bu problemi diqqətdə saxlayır: “Əsas hədəflərindən biri mədəniyyətlərarası dialoq olan Avropa Şurası yaxşı dərk edir ki, dinlərarası dialoq mədəniyyətlərarası anlaşma və yaxınlaşmanın başlıca elementidir. Xüsusən, qloballaşma zamanında bu daha artıq aktuallıq kəsb edir. Təsadüfi deyil ki, məhz bu zərurəti nəzərə alaraq Avropa Şurası hər il dinləmələr təşkil edir və onlardan sonuncusu elə sentyabr ayında baş tutub”.

Rafael Hüseynovun islamafobiya meyllərinin və antiislam hərəkətlərin doğura biləcəyi ağır siyasi fəsadlarla bağlı qənaəti ilə əlaqədar Nazirlər Komitəsi sədri bildirib ki, belə təhlükələr mövcuddur: “Ona görə də Avropa Şurası yalnız qitədə deyil, ümumilikdə dünyada daha dözümlü dini mühit formalaşdırmaq üçün səyləri artırmalıdır. Təmsil etdiyim Albaniya bu istiqamətdə yaxşı təcrübəyə malikdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR