Azərbaycan parlamenti gələn həftə 2011-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini müzakirə edəcək

Azərbaycan parlamenti gələn həftə 2011-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini müzakirə edəcək
# 18 may 2012 09:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət Komitəsinin iclasında «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, Ziyad Səmədzadənin sədrliyi ilə keçirilən iclasda deputatlarla yanaşı Hesablama Palatasının sədri Heydər Əsədov, maliyyə nazirinin müavini Azər Bayramov, həmçinin Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dölət Dəniz Administrasiyası və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Layihəyə əsasən, 2011-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 15 554,2 mln. manata qarşı 15 700,7 mln. manat və ya 100,9% icra olunub ki, bu da 2010-cu illə müqayisədə 4 297,7 mln. manat və ya 37,7% çoxdur.

İclasda maliyyə nazirinin müavini A.Bayramov məruzə ilə çıxış edib. O, sonda deputatları Azərbaycan prezidentinin imzası ilə parlamentə təqdim olunmuş qanun layihəsinin MM-in müzakirəsinə çıxarılması üçün səs verməyə çağırıb.

Hesablama Palatasının sədri H.Əsədov və parlamentin Komitə üzvü Vahid Əhmədov layihə barədə fikirlərini açıqlayıblar. V.Əhmədov Qubada əhalinin öz bağlarının meyvələrini sata bilmədiyini söyləyib. O, əhalinin sata bilmədiyi meyvələrinin Qudyalçaya tökdüyünü bildirib. V.Əhmədov bu gün Azərbaycanda əhalinin adambaşına düşən xarici borcunun 522 dollar olduğunu deyərək bununla bağlı izahat istəyib.

Maliyyə nazirinin müavi A.Bayramov isə deyib ki, yalnız qapalı ölkələrdə belə borc olmur. O, adambaşına düşən borcun məbləğinin digər ölkələrlə müqayisədə böyük olmadığını vurğulayıb.

Layihə səsə qoyulub və Milli Məclisin plenar sessiyasına tövsiyə edilib. «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsi parlametin mayın 22-də keçiriləcək plenar sessiyasında müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR