Berlində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr olunmuş foto-sərgi keçirilir

Berlində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr olunmuş foto-sərgi keçirilir
# 13 oktyabr 2012 07:32 (UTC +04:00)
AAC-dan APA-ya verilən məlumata görə, sərginin oktyabrın 11-də həyata keçirilən açılışında media, incəsənət və ictimaiyyət xadimləri də daxil olmaqla, 500-dən artıq şəxs iştirak edib.

Sərgidə nümayiş etdirilən 50 fotoşəkil Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ və yeddi ətraf rayonundan olan bir milyondan çox qaçqın və məcburi köçkünün bəzilərinin hazırkı acınacaqlı həyatını işıqlandırır. BMT Təhlükəsizlik Şurasının, təqribən 20 il əvvəl erməni işğalına qarşı qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, bu insanlar hələ də ölkə ərazisində qurulan düşərgələrdə həyat sürməkdədirlər.

F. Ratmer bildirib ki, 2012-ci ilin iyul ayında bir həftə ərzində Azərbaycanın işğal altındakı ərazilərinin yaxınlığında yerləşən Taxtakörpü və Günzəli, eləcə də Bakının Dərnəgül və Qızılqum qəsəbələrində qaçqın və məcburi köçkünləri ziyarət edib: “Beləcə mən onların üzlərini yaxın plandan çəkərək, yaşadıqları əziyyəti ifadə etməyə çalışdım. Hər kadr demək olar ki, eyni yolla, arxada qara fon olmaqla, az günəş işığı ilə işıqlandırılaraq çəkilib, bununla da insanların üzü və həyat hekayələri vurğulanıb. Siz onların gözlərindən və üzlərindəki qırışlardan əziyyətlərini görə bilərsiniz”.

O, daha sonra vurğulayıb ki, əsərlərində diqqət mərkəzində insan həyatıdır: “Mən hər kəsin adını, yaşını, ixtisasını, qaldığı düşərgənin və köçməyə məcbur olduğu rayonun adını qeyd etmişəm. Onlar mənə öz arzularından danışdılar, hamısının arzusu eyni idi: onlar öz el-obalarına qayıtmaq istəyirlər. Onlar 6 və 86 yaş arasındaydılar, yəni onların bəziləri heç öz doğma yurdlarını görməmişdilər”.

AAC sədri Tale Heydərov sərginin açılışındakı çıxışında qeyd edib ki, dünyadakı məcburi köçkünlərin böyük hissəsi məhz Azərbaycandadır: “Azərbaycan torpaqlarının təqribən 20 faizi isə işğal altındadır. Təəssüf ki, bu acınacaqlı faktı dünyada çoxu bilmir. Məcburi köçkünlər və qaçqınlar bu sərginin birbaşa nəticəsini görməyə bilərlər, ancaq indi onlara məlumdur ki, Azərbaycanın xaricində insanlar onlarla maraqlanır və onların evlərinə qayıtmaq hüququnu qəbul edirlər”.

Daha sonra “Evə dönən beş yol” sərgisi haqqında qısa metrajlı film nümayiş etdirilib və sərginin kataloqu təqdim olunub.

Sərgi oktyabrın 15-dək davam edəcək.

“Evə dönən beş yol” sərgisi qarşıdakı aylar ərzində London, Paris, Brüssel, İstanbul və Bakıda da nümayiş olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR