Amerika Ticarət Palatasının üzvləri Elmir Vəlizadə ilə görüşüblər

Amerika Ticarət Palatasının üzvləri Elmir Vəlizadə ilə görüşüblər
# 10 sentyabr 2012 16:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı, bununla bağlı hökumətin planları və özəl şirkətlərlə əməkdaşlıq imkanları bu gün Amerika Ticarət Palatasının (AMCHAM) üzvü olan şirkətlərlə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin görüşündə müzakirə edilib.

APA-Economics”in xəbərinə görə, AMCHAM-ın informasiya və texnologiyalar komitəsi çərçivəsində keçirilən görüşdə «Azərbaycanda İnformasiya Texnologiyaları: Azərbaycan 2020-Gələcək inkişaf» konsepsiyasına nəzərən mövcud vəziyyət və gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub.

Tədbirdə hökumətin İT sektorunda inkişafı təşviq etmək üçün atdığı addımlar haqda palata üzvlərinə məlumat verilib, həmçinin özəl biznes sektoru ilə dövlət strukturları arasında açıq müzakirələr aparılıb.

Elmir Vəlizadə jurnalistlərə bildirib ki görüşdə görülən işlər barədə məlumat verilib və hökumətin bu sahədəki mövqeyi açıqlanıb: «Məqsəd bundan ibarətdir ki, Azərbaycanda 2020-ci ilədək qarşıya qoyulan hədəflərə çatmaq, yəni ÜDM-in 2 dəfə artmasını təmin etmək üçün iqtisadiyyatın bir sahəsi olaraq İKT sahəsi də öz töhfəsini verə bilsin. Bunun üçün mövcud imkanları genişləndirmək lazımdır. Bunu da təmin etmək üçün müəyyən layihələr və fikirlər vardı ki, bugünkü görüşdə onları təqdim etdik və onlarla bağlı müzakirələr aparıldı».

Qeyd edək ki, 1996-cı ildə yaradılan AMCHAM Azərbaycanın bütün sektorlarında fəaliyyət göstərən 240 yerli və xarici şirkəti birləşdirir. Təşkilat üzvləri ölkəyə xarici investisiyaların 80%-ni və yerli investisiyaların əhəmiyyətli hissəsini özündə birləşdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR