Azərbaycanda şirkətlərin internetlə qeydiyyatına başlanıılıb

Azərbaycanda şirkətlərin internetlə qeydiyyatına başlanıılıb
# 06 fevral 2012 14:25 (UTC +04:00)
Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, artıq indiyədək bir neçə hüquqi şəxs elektron üsulla qeydiyyata alınıb. Fevralın 7-də isə Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatı sisteminin təqdimatını keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı təsisçilərin təkmil sertifikata malik gücləndirilmiş elektron imzasına əsasən aparılır. Mütəxəssislərin fikrincə, elektron imzanın tətbiqi səviyyəsindən asılı olaraq, ilk vaxtlar qeydiyyatdan keçən hüquqi şəxslərin sayı məhdud ola bilər.

Xatırladaq ki, Azərbaycanda «Elektron imza haqqında» qanun mövcuddur və onun respublikada tam tətbiqindən sonra qeydiyyata alınan hüquqi şəxslərin sayında artım müşahidə olunacaq.

Ümumilikdə elektron qeydiyyat iki üsulla - sürətli və adi qaydada həyata keçiriləcək. Sürətli elektron qeydiyyat zamanı təsisçi yalnız özü, təyin edəcəyi rəhbər və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edib elektron imza qoymaqla, hüquqi şəxsin dövlət qeydiyyatı üçün tələb olunan məlumatları qeydiyyat orqanına təqdim etmiş olacaq. Cəmiyyətin nizamnaməsi və digər qeydiyyat sənədləri proqram tərəfindən işləniləcək və bu zaman qeydiyyat prosesi bir neçə dəqiqə çəkəcək.

Təsisçilərin sayı 1-dən çox olduqda, habelə hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda adi elektron qeydiyyat üsulu seçiləcək. Bu zaman qeydiyyatın başa çatdırılması 20 dəqiqədən 3 günədək vaxt tələb edə bilər. Qeyd etmək yerinə düşər ki, hüquqi şəxsin adının unikallığının yoxlanılması üçün sərbəst istifadə imkanı verən xüsusi məlumat köşkləri quraşdırılıb və bu imkan Vergilər Nazirliyinin rəsmi internet saytında da (www.taxes.gov.az) yaradılıb.

Nazirliyin məlumatına görə, elektron qeydiyyat üçün ilk növbədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin seçilməsi təsadüfi deyil. Belə ki, MMC təsisçisi üçün nisbətən məhdud öhdəlikli və bu baxımdan rahat və sadə hüquqi təşkilat forması olduğuna görə, bu formalı hüquqi şəxslərin yaradılmasına üstünlük verilir. Belə ki, 2011-ci il ərzində Vergilər Nazirliyində qeydiyyata alınan hüquqi şəxslərin (4 919) 90,5%-i (4 451) MMC-lər təşkil edib: «Buna görə də yerli investisiyalı MMC-lərin elektron qeydiyyatının keçirilməsi dedikdə, hüquqi şəxslərin 90%-dən çoxu nəzərdə tutulur».

Nazirliyin məlumatına görə, hüquqi şəxsin adi qayda ilə dövlət qeydiyyatına alınması üçün 6 gün ərzində 8 proseduranın yerinə yetirilməsi tələb olunur. Bu proseduraların bir qismi rüsum ödənişi, sənədin notarial təsdiqi və s. vaxt aparan hərəkətlərin yerinə yetirilməsini tələb edir. «E-qeydiyyata keçid ilə əlaqədar prosesin başa çatdırılması üçün vətəndaşlar tərəfindən yerinə yetirilən əməliyyatların sayı, xərclənən vəsaitin məbləği və sərf edilən vaxt minimuma endiriləcək ki, bu da sözsüz, biznes aləmində müsbət qiymətləndiriləcək», - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR