Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi açıqlama yayıb

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi açıqlama yayıb
# 13 may 2012 00:20 (UTC +04:00)
Bak-APA.Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə üzrə komitələrinin hesabatlarına həsr olunmuş 2012-ci ilin mayın 10-dakı iclasında Ermənistanın daimi nümayəndəsinin çıxışı ilə bağlı bu ölkənin kütləvi informasiya vasitələrində yayılmış, həmişə olduğu kimi birtərəfli və həqiqətə uyğun olmayan tərzdə təqdim edilmiş məlumatla bağlı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti açıqlama yayıb.

Daimi Nümayəndəlikdən APA-ya verilən xəbərə görə, açıqlama deyilir ki, sözügedən iclas zamanı Ermənistanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının mövcud prosedur qaydalarına açıq hörmətsizlik edərək, Şuranın üzvü olmayan digər dövlətlərdən fərqli olaraq, çıxış etmək niyyəti barədə əvvəlcədən Şuranın sədrinə yazılı şəkildə müraciət etmədən dolayı yollarla çıxış etməyə cəhd göstərib. Ermənistanın çıxış etmək niyyəti barədə məlumat Təhlükəsizlik Şurasının sədrinə çatdırıldıqda, sonuncu tərəfindən Şuranın qaydalarına uyğun olaraq sədrin adına rəsmi məktubun ünvanlanması tələb edilib.

Ermənistanın XİN-in mətbuat xidmətinə istinad edən KİV-lər Təhlükəsizlik Şurasının sədri olan Azərbaycanın guya digər dövlətlərin təzyiqi ilə Ermənistana söz verdiyini bildirib. Əslində, heç bir dövlət tərəfindən Azərbaycana heç bir təzyiq edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycanın müstəqil xarici siyasət aparması və heç bir dövlətdən asılı olmaması məlumdur. Yalan məlumat verməklə yanaşı, qarşı tərəf prosedur qaydalarına riayət etmək barədə məhz Şura sədrinin tələbi əsasında

Ermənistanın Daimi Nümayəndəliyinin iclasın bitməsinə bir neçə dəqiqə qalmış rəsmi məktub təqdim etdiyini və yalnız bundan sonra erməni səfirinin çıxış etməsinə icazə verildiyini bildirməkdən çəkinir.
Ermənistan Daimi Nümayəndəliyinin belə davranışı Təhlükəsizlik Şurasının qaydalarına açıq şəkildə hörmətsizliklə yanaşı, Ermənistan diplomatlarının qeyri-peşəkarlığından xəbər verir.

Xüsusilə qeyd olunur ki, iclasın mövzusu yalnız Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə üzrə komitələrinin fəaliyyətinin müzakirə edilməsinə həsr olunsa da, Ermənistanın daimi nümayəndəsi iclas zamanı ona verilmiş imkandan sui-istifadə edərək müzakirə mövzusuna aidiyyatı olmayan, iftira və cəfəngiyat xarakterli çıxış edib. Bu isə Şuranın üzvləri və digər dövlətlərin təəccübünə və narazılığına səbəb olub.
Ermənistanın daimi nümayəndəsinin mətbuata verməyi "unutduğu" digər məqam da odur ki, onun bu çıxışına cavab olaraq, iclasda Azərbaycanın Daimi Nümayəndəliyi tərəfindən dərhal reaksiya verilib. Tərəfimizdən Ermənistan nümayəndəsinin bu iclasın verdiyi imkandan sui-istifadə edərək əsassız ittihamlar irəli sürməsinin təəssüf doğurduğu, bu ölkə tərəfindən Azərbaycana qarşı terror fəaliyyətlərinin həyata keçirməsinin məlum olduğu və bununla bağlı müvafiq məlumatın BMT-də yayıldığı Şura üzvlərinin diqqətinə çatdırılıb.

Məsələnin maraq doğuran tərəfi odur ki, Ermənistanın daimi nümayəndəsi media vasitəsilə özünü "qəhrəman" kimi təqdim etməyə çalışıb. Son illər ərzində Azərbaycanın beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində əldə etdiyi nailiyyətlərin, o cümlədən Təhlükəsizlik Şurasına seçkilərdə 155 dövlətin dəstəyini əldə etməklə Şuranın üzvlüyünə seçilməsi, Azərbaycan prezidentinin sədrliyi ilə Şuranın cari ilin 4 may tarixində terrorçuluqla mübarizə məsələsinə həsr edilmiş yüksək səviyyəli iclasının uğurla keçirilməsi və iclasın yekunu kimi terrorçuluqla mübarizə üzrə ölkəmiz üçün əhəmiyyət daşıyan bir çox müddəaların əks olunduğu bəyanatın qəbul edilməsi, bundan əlavə, Ermənistanın bütün səylərinin əksinə olaraq, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu tərəfindən Nyu-Yorkda razılaşdırılmış və daha sonra Hərəkatın cari ilin may ayının 10-da Misirdə keçirilmiş toplantısında qəbul edilmiş yekun sənədində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsinin Ermənistan rəhbərliyini ciddi narahat etməsi aydındır. İstisna edilmir ki, ölkəmizin bu və digər nailiyyətləri Ermənistanın BMT yanındakı daimi nümayəndəsinin öz ölkəsində nüfuzunun "artmasına" səbəb olub.

Bu baxımdan Ermənistanın BMT yanında daimi nümayəndəsinin hər bir fürsətdən istifadə edərək, Azərbaycanın ünvanına əsassız bəyanatlar verməsi və mediada yalan məlumatlar yayması Ermənistan ictimaiyyətinin diqqətini ölkəsinin diplomatik uğursuzluqlarından yayındırmaq, özünü isə ölkə rəhbərliyi və ictimaiyyətinin gözündə "qəhrəman" kimi təqdim etmək cədlərindən başqa bir şey deyildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR