AMİP-də Avropa Xalq Partiyasının katibi ilə görüş keçirilib

AMİP-də Avropa Xalq Partiyasının katibi ilə görüş keçirilib
# 05 aprel 2012 10:53 (UTC +04:00)
Bakı – APA. AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə Avropa Xalq Partiyasının (EPP) beynəlxalq əlaqələr katibi Nikolas Briek ilə görüşüblər. Partiyadan APA-ya verilən məlumata görə, görüşdə AMİP və Avropa Xalq Partiyası arasındakı münasibətlər əsas müzakirə mövzusu olub.

N. Briek qeyd etmişdir ki, EPP demokratik prinsiplərə əsaslanan sağ mərkəzçi siyasi partiya olmaqla ümumavropa məkanında böyük nüfuza malikdir və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. Məqsədi demokratiklik, şəffaflıq və effektivlik prinsipləri ilə federal Avropa quruculuğuna nail olmaqdır. Bu mənada AMİP – EPP əməkdaşlığı Azərbaycanın Avropa məkanına inteqrasiyasında önəmli hadisədir.

Y. Bağırzadə AMİP-in sağ mərkəz yönlü partiya olaraq bu ideyanın Azərbaycanda əsas daşıyıcısı olduğunu və dünyanın bir çox sağ mərkəzçi partiyaları ilə davamlı əməkdaşlıq etdiyini qonağın diqqətinə çatdırıb: “AMİP Beynəlxalq Demokrat İttifaqının tamhüquqlu üzvü olmaqla artıq uzun illərdir ki, müasir dünyanın bir sıra aparıcı siyasi təşkilatları ilə sıx əməkdaşlıq edir. BDİ-yə üzv partiyaların bir çoxu eyni zamanda EPP-nin üzvüdür və bu çərçivədə AMİP-EPP əməkdaşlığının işgüzar davamı olaraq AMİP-in EPP-yə üzvlük məsələsi hal-hazırda partiyanın beynəlxalq əlaqələrinin əsas prioritetlərindəndir. Bu istiqamətdə partiya rəhbərliyinin Brüsseldə EPP rəhbərliyi ilə mütəmadi görüşləri və məsləhətləşmələri davam edir”.

Görüşdə AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR