Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin iclası keçirilib - FOTO

Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin iclası keçirilib - <font color=red>FOTO</font>
# 11 oktyabr 2012 15:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Kutbettin Arzunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 6-cı iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycanla Türkiyə arasında protokol çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasda kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri getdikcə inkişaf etməkdədir və əməkdaşlığı genişləndirmək üçün potensial imkanlar mövcuddur.

Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əsasən Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi çərçivəsində həyata keçirilir. Komitənin sonuncu iclası 2008-ci ilin mart ayında Türkiyənin Ankara şəhərində keçirilib. İclasın məqsədi qarşıdakı illər üçün kənd təsərrüfatı sahəsində Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələrinin prioritet istiqamətlərini müəyyənləşdirmək və iki ölkə arasında aqrar sahənin mövcud potensialından daha səmərəli istifadə etmək üçün birgə tədbirləri razılaşdırmaqdan ibarətdir.

İki ölkə arasında tərəfdaşlığın ən yüksək formatı olan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının cari ilin sentyabr ayında Azərbaycanda keçirilmiş iclasında Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında Protokol imzalanıb.

Nazir İsmət Abasov Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təklifləri nəzərə çatdırıb. Bunların sırasında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in hazırlanması imkanlarına baxılması, Azərbaycanda toxumçuluq sisteminin gücləndirilməsi məqsədilə mütəxəssis mübadiləsinin və qarşılıqlı səfərlərin həyata keçirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlaşdırılması və marketinqinin təşkili üzrə məlumat mübadiləsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi, toxumçuluq, tingçilik və yeni seleksiya sortlarının sınağı sahəsində təcrübə mübadiləsi, kənd təsərrüfatı heyvanlarının süni mayalama mərkəzlərinin fəaliyyət mexanizmi, damazlıq və seleksiya işlərinin qurulması, heyvanların qeydiyyatı sahəsində təcrübə mübadiləsi, hər iki ölkənin aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını qeyd etmək olar.

Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Kutbettin Arzu Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 6-cı iclasının yüksək səviyyədə keçirilməsini və ekspertlər səviyyəsində müzakirəsinin hər iki tərəf üçün səmərəli olduğunu bildirib.

Tədbirin sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 6-cı iclasının protokolu həmsədrlər tərəfindən imzalanıb.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR