Oğuzda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq başa çatıb

Oğuzda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq başa çatıb
# 02 oktyabr 2012 14:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Oğuz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq başa çatıb.

APA-nın məlumatına görə, tədbirin ikinci günü seminar-treninq “İslam və sağlam ailə”, “Dini icmaların cəmiyyətdə yeri və rolu”, “İslamda orta yol” və “Milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhu” mövzusunda plenar iclaslarla davam etdirilib. Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov “İslamda ailə modeli və müasir cəmiyyət”, Zaqatala rayonundan pedaqoq Züleyxa Davudova “Qadınların cəmiyyətdə roluna dini icmaların yanaşması”, DQİDK sədr müavini Gündüz İsmayılov “Dini icmalar: problemlər, reallıqlar və gözləntilər”, Zaqatala rayon Çobankol kənd məscidi dini icmasının sədri Məhəmməd Nurullayev “Nümunəvi dini icma modeli”, İsmayıllı rayon Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov “Dini icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə”, fəlsəfə üzrə elmlər doktorları Elşad Mahmudov “Mötədillik: əsasları və prinsipləri” (Qurani-Kərim və hədislər əsasında), Rafiz Manafov “Vəhdət naminə məzhəblərarası dialoq” mövzularında məruzə ediblər.

Çıxışlarda icmaların fəaliyyətinin təkmilləşmə metodlarına dair fikirlər diqqətə çatdırılıb, gənclərin tərbiyəsində üzərlərinə düşən vəziflərdən danışılıb.

Fəlsəfə elmləri üzrə doktor Elşad Mahmudov Quran ayələri və hədislərlə bağlı istənilən sapmaların İslam əsasları ilə ziddiyyət təşkil etdiyini söyləyib.

Fəlsəfə elmləri üzrə doktor Rafiz Manafovun Azərbaycanda ənənəvi olaraq müxtəlif din və məzhəblərin ardıcıllarının əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb, bu tarixi dəyərin qorunmasının vacibliyini diqqətə çatdırıb.

Seminar iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilən sənədli filmi izləyiblər.

Tədbirin bağlanışında çıxış edən DQİDK-nin sədri Elşad İsgəndərov deyib ki, hər bir Azərbaycan vətəndaşı dövlətçiliyin möhkəmlənməsində əməli cəhətdən iştirak etməlidir.

O, din xadimlərinə müraciət edərək, üzərlərinə düşən məsuliyyəti şərəflə yerinə yetirmələri üçün bütün imkanlarını səfərbər etməyə çağırıb: “Dini icmalar vətənpərvərlik işində nümunəvi yerdə olmalıdırlar”.

Seminarın sonunda iştirakçılar regionda birgə fəaliyyət planını qəbul ediblər. Sənəddə ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət dəstəklənib, milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Maarifləndirmə işinin davamlı və intensiv keçirilməsi, icmaların bölgələrdə sosial-mədəni inkişaf prosesində daha müasir formada iştiraklarının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, tədbir 2 gün davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR