ETSN Xaçmazda meşə yanğını barədə məlumat açıqlayıb

ETSN Xaçmazda meşə yanğını barədə məlumat açıqlayıb
# 03 aprel 2012 08:07 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xaçmaz rayonunda meşə təsərrüfatına aid sahədə baş verən yanğın barədə məlumat açıqlayıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, aprelin 2-də, saat 17 radələrindən başlayaraq, Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyiliyinin 2, 5 və 7 saylı meşə dolaylarında yanğın hadisəsi baş verib. Yanğının baş verməsinə səbəb sakinlərin şəxsi pay torpaqlarında meyvə ağaclarının qurumuş budaqlarını yandırması olub. Küləkli hava şəraiti olduğundan yanğın Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyiliyinin 2, 5 və 7 saylı dolaylarına keçib və meşə fonduna məxsus, ümumilikdə 1 hektar ərazidəki qurumuş budaqlar, quru ot örtüyü və kollar yanmışdır. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumları və Xaçmaz rayon İcra Hakimiyyəti işçilərinin, eyni zamanda yerli əhalinin birgə səyləri nəticəsində 3 aprel tarixində, gecə saat 2 radələrində tam söndürülüb.
ETSN meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR