İranla ABŞ arasında buğda ticarətinin həcmi artıb

İranla ABŞ arasında buğda ticarətinin həcmi artıb
# 16 mart 2012 15:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranla ABŞ arasında buğda ticarətinin həcmi artıb. APA-nın “Reuters” agentliyinə istinadən məlumatına görə, rəsmi Tehran ötən həftə ABŞ-dan aldığı 60 min ton buğdadan əlavə, bu həftə içərisində daha 120 min ton buğda alıb. Bununla da İranın ABŞ-dan iki həftə içərisində aldığı buğdanın miqdarı 180 min tona çatıb.

Bundan əlavə, İranın ABŞ-dan daha 220 min ton buğda aldığı və malın Tehrana aprel ayının ilk günlərində göndəriləcəyi bildirilib. Eyni zamanda İranın ABŞ-la hələ əlavə buğda alış-verişi hazırlıqları içərisində olduğu qeyd olunub. Xəbərdə həmçinin İranın ABŞ-dan yalnız 400 min ton buğda almasının məlum olduğu, bunun 180 min tonunun qiymətinin müəyyənləşdirildiyi, qalan 220 min ton buğda üçün isə hələ rəsmi olaraq qiymətin elan edilmədiyi vurğulanıb. Ancaq mütəxəssislər malın qiymətinin 160 mln. dollar olacağını ehtimal edirlər.

Məlumatda İrana buğda ixracının riskinin yüksək olması və bölgədəki gərginliklər səbəbindən malın ton başına yükləmə qiymətinin də dünya bazarları qiymətlərinə görə 25-30% daha bahalı olduğu bildirilib. Eyni zamanda xəbərdə İranın böyük miqdarda buğdaya ehtiyacı olduğu, bu il içərisində 5 mln. ton buğda alacağı və bunun da böyük hissəsinin mayın sonuna qədər həyata keçiriləcəyi qeyd edilib. Bundan əlavə, “Cargill Inc.” və “Bunge Ltd.” şirkətləri kimi taxıl ticarəti ilə məşğul olan nəhəng firmaların İrana buğda ixracını həyata keçirəcək dörd şirkətin arasında olduğu bildirilib. Hətta İranın ehtimal olunan sanksiyalara qarşı müxtəlif ölkələrdən 2 mln. ton buğda idxal etdiyi vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR