Oqtay Əsədov Avropa Birliyi Şurasının prezidenti Herman van Rompeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oqtay Əsədov Avropa Birliyi Şurasının prezidenti Herman van Rompeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 05 iyul 2012 14:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Birliyi Şurasının prezidenti Herman van Rompeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

Avropa İttifaqı (Aİ) rəsmilərinin Azərbaycana səfərlərini siyasi dialoqun və etimada əsaslanan münasibətlərin inkişafına şərait yaratdığını deyən O. Əsədov rəsmi Bakının Aİ ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

«Təəssüflə qeyd etmək istəyirəm ki, bu il mayın 24-də Avropa Parlamentinin hərtərəfli araşdırma aparmadan Azərbaycandakı vəziyyətlə əlaqədar qəbul etdiyi qərar bizdə məyusluq hissi doğurdu. Bu addım ölkə ictimaiyyətinin də narahatlığına səbəb oldu. Ümid edirik ki, gələcəkdə təşkilat belə məsələlərə həssas yanaşacaq», - deyə O. Əsədov vurğulayıb.

Spiker Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, rəsmi Bakı bu məsələ ilə əlaqədar Avropa Parlamentində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarın qəbul olunmasını yüksək qiymətləndirir. Spiker Ermənistan tərəfinin hər dəfə razılaşdırılmış prinsiplərdən geri çəkilərək danışıqlar prosesini pozduğunu qeyd edib.

«Zənnimizcə, bu məsələdə Aİ də öz qəti sözünü deməlidir. İstərdik ki, təşkilat, o cümlədən digər beynəlxalq qurumlar Moldovada, Gürcüstanda oxşar problemlərə göstərdikləri münasibəti Dağlıq Qarabağ münaqişəsinə də göstərsinlər», - deyə spiker əlavə edib.

Herman van Rompey isə bildirib ki, onun təmsil etdiyi Aİ Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlıdır. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində və enerji sahəsində münasibətlərimiz inkişaf etməkdədir. AB-nin Azərbaycandakı tolerantlığı və həyatın müxtəlif sahələrində əldə edilmiş uğurları yüksək qiymətləndirdiyini deyən təşkilat rəhbəri bununla yanaşı, AB-yə üzv ölkələrin öz dəyərlərini Azərbaycanla bölüşmək niyyətində olduqlarını açıqlayıb.

Dağlıq Qarabağ münaqişəsi barədə fikrini açıqlayan Rompeyin sözlərinə görə, məsələ ilə əlaqədar status-kvo dəyişməlidir. Problemin ATƏT-in Minsk Qrupu çərçivəsində Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirən AB prezidenti münaqişənin tezliklə aradan qaldırılması üçün AB-nin prosesə dəstək verəcəyini bəyan edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR