Azərbaycanın xarici ticarət dövriyyəsi I rübdə 8% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi I rübdə 8% artıb
# 03 may 2012 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2012-ci ilin I rübü ərzində 7 895,2 mln. ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,6% çoxdur.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ixracın həcmi 5 840,9 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 7,3% artıqdır. İdxalın həcmi isə 2011-ci ilin I rübünə nisbətən 8,6% artaraq 2 054,3 mln. dollara çatıb.

Rüb ərzində xarici iqtisadi fəaliyyətin iştirakçılarının ümumi sayı 4 019-a bərabər olub ki, bunun 1 661-ni fiziki, 2 358-ni hüquqi şəxslər təşkil edib.

Qeyd edək ki, ixrac olunan mallar sırasında əsas yeri xam neft tutub. Belə ki, rüb ərzində ixrac olunan xam neftin dəyəri 5 019,3 mln. dollar və ya ümumi ixracın dəyərinin 85,9%-ni təşkil edib. Eyni zamanda, idxalın strukturunda əsas yeri 584 mln. dollar və ya ümumi həcmdən 28,6% göstəricisi ilə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, sonrakı yerləri isə nəqliyyat vasitələri və onların hissələri (286,7 mln. dollar və ya 14%), yeyinti məhsulları (254,9 mln. dollar və ya 12,4%) tutub.

Hesabat dövründə ixracın 240,2 mln. dolları və ya ümumi həcmin 4,1%-i MDB ölkələrinin, müvafiq olaraq 5 600,6 mln. dolları və ya 95,9%-i uzaq xarici ölkələrin payına düşüb. Eyni zamanda, idxalın strukturunda MDB ölkələrinin payı 530,8 mln. dollar (25,8%), uzaq xarici ölkələrin payı isə 1 523,6 mln. dollar (74,2%) olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR