Azərbaycanda könüllü daşınmaz əmlak sığortası bazarı 31% artıb

Azərbaycanda könüllü daşınmaz əmlak sığortası bazarı 31% artıb
# 18 avqust 2012 08:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 15,662 mln. manatlıq sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün yığımlarından 31% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya əsasən, könüllü əmlak sığortasına görə, ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (15,358 mln. manat) növü üzrə toplanılıb ki, bu da məcmu əmlak sığorta üzrə yığımların 72%-ni, könüllü əmlak sığortası üzrə daxilolmaların isə 98%-ni təşkil edib.

Həmçinin hesabat dövründə könüllü əmlak sığortası üzrə sığorta hadisələrinə görə verilən ödənişlərin həcmi 16% artaraq 1,708 mln. manata çatıb.

Bununla yanaşı, car ilin yanvar-iyul aylarında icbari əmlak sığortası üzrə 5,730 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bunun da 5,528 mln. manatı «Daşınmaz əmlakın icbari sığortası» və 202,106 min manatı isə «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növlərinin payına düşüb. Qeyd edək ki, icbari əmlak sığorta üzrə yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20% çox olub. Ödənişlərin həcmi isə təxminən 10% azalaraq 243,869 min manat təşkil edib.

Xatırladaq ki, 2012-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 201,509 mln. manat, ödənişlərin həcmi isə 49,469 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR