Gələn ildən Azərbaycan məktəblərinin V siniflərində ikinci xarici dilin tədrisinə başlanacaq

Gələn ildən Azərbaycan məktəblərinin V siniflərində ikinci xarici dilin tədrisinə başlanacaq
# 11 iyul 2012 12:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. 2012-2013-cü dərs ilindən etibarən Azərbaycanın ümumtəhsil məktəblərinin V siniflərində ikinci xarici dilin tədrisinə başlanacaq. APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin öyrənilməsindən imtina olunması yolverilməzdir. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər. I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə qətiyyən yol verilmir. Xarici dil üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda isə ibtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin tədrisinə verilir. V sinifdə xarici dilə ayrılan saatlar hər birinə 1 saat olmaqla “Ana dili”, “Ədəbiyyat” və “Riyaziyyat” fənlərinin tədrisinə verilir. VI-XI siniflərdə xarici dilə ayrılan saatların digər fənlərin tədrisinə verilməsi isə məktəb pedaqoji şurasının qərarına əsasən həll edilir. Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji kadrların olması nəzərə alınır. İkinci xarici dilə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə xarici dil keçilməyən məktəblərdə isə “Texnologiya” fənninin tədrisinə verilir.

Ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR