Azərbaycan paytaxtında baş verən avtobus qəzaları ilə bağlı Nəqliyyat Nazirliyində müşavirə keçirilib

Azərbaycan paytaxtında baş verən avtobus qəzaları ilə bağlı Nəqliyyat Nazirliyində müşavirə keçirilib
# 03 may 2012 16:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev. Hafiz Heydərov-APA. Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda avtobusların fəaliyyəti ilə bağlı xüsusi və gücləndirilmiş rejimdə reydlərə başlayıb. Bunu “APA-Economics”ə nazirliyin mətbuat katibi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, bu gün Nəqliyyat Nazirliyində son günlət avtobusların iştirakı ilə törədilən qəzaların artması ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə nazir Ziya Məmmədov reydlərin gücləndirilməsi barədə tapşırıqlar verib.

Son bir neçə gün ərzində avtobusların iştirakı ilə baş verən qəzaların araşdırıldığını deyən N.Həsənov bildirib ki, həmin qəzalar üzrə və bundan sonra baş verə biləcək hadisələrdə sürücülərin günahı aşkarlanarsa, həmin sürücülərə qarşı ciddi təbdirlər görüləcək: “O cümlədən həmin sürücülərin xətdən çıxarılması da nəzərdə tutulur”.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən APA-ya bildiriblər ki, paytaxtın Yusif Səfərov kücəsi, “Azneft” dairəsi, Babək, Nobel, Azadlıq və Neftçilər prospektlərində bu gün keçirilən reydlər zamanı 30-dan çox sürücünün avtobusu sürücülük vəsiqəsi olmadan idarəetməsi faktı aşkar edilib. Bundan başqa bəzi sürücülərin idarə etdikləri avtobusların qeydiyyat şəhadətnaməsinin olmadığı məlum olub.

Qeydə alının qayda pozuntuları ilə bağlı protokollar tərtib edilib və qayda pozan sürücülər inzibati qaydada cəzalandırılıb.

Qeyd edək ki, dünən və bu gün Bakıda marşrut avtobuslarının törətdiyi qəzalar nəticəsində 30-dan çox insan xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR