Bakıda növbəti kənd təsərrüfatı yarmarkaları keçirilir

Bakıda növbəti kənd təsərrüfatı yarmarkaları keçirilir
# 23 iyun 2012 10:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları işə başlayıb. «APA-Economics»in məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi və yerli rayon icra hakimiyyətlərinin təşkil etdiyi və paytaxtın bir neçə yerində keçirilən yarmarkalar sabah da davam edəcək. Yarmarkalara respublikanın 40-45 rayonunun fermerləri 500 tona yaxın məhsul çıxarıblar.

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov və Yasamal rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev rayonun Şərifzadə küçəsində (Rabitə Kollecinin arxasında) təşkil olunan yarmarkanın fəaliyyəti ilə tanış olublar. Qeyd edək ki, burada yarmarkanın keçirildiyi ərazi və bura gələn yol yenicə abadlaşdırılıb – təqribən 1 ha ərazi asfaltlanıb, 100-dən artıq yeni piştaxta quraşdırılıb, yarmarkanın keçirilməsi üçün zəruri şərait yaradılıb.

Yarmarkada qiymətlər bazar qiymətləri ilə müqayisədə 25-30% aşağıdır. Alıcıların əksəriyyəti jurnalistlərlə və dövlət nümayəndələri ilə söhbətlərdə qiymətlərdən razılıq ediblər. Satıcılar bunu həm bu il meyvə-tərəvəzin bolluğu, həm də yaradılan şəraitlə izah ediblər. Nazir İ.Abasov qeyd edib ki, ümumiyyətlə bu il Azərbaycanda meyvə-tərəvəzin qiyməti ötən ilə nisbətən xeyli aşağıdır. Onun sözlərinə görə, qarşıdakı yay aylarında qiymətlərin daha da düşəcəyi gözlənilir: «Yeni meyvələr bazara çıxarıldıqca qiymətlər daha da aşağı düşəcək».

Nazir bildirib ki, ümumilikdə indiyədək keçirilən 628 kənd təsərrüfatı yarmarkalarında 134 min tondan artıq kənd təsərrüfatı məhsulları satılıb və yarmarkaların keçirilməsi bundan sonra da davam etdiriləcək.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İ.Mehdiyev isə bildirib ki, payız ayları ərəfəsində yarmarka ərazisində abadlıq işləri davam etdiriləcək, o cümlədən ticarət sahələrinin üstü örtüləcək ki, yarmarkalar bütün hava şəraitində işləyə bilsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR