Azərbaycanda tələbələrin elmi-tədqiqat işləri ilə məşğul olması sahəsində yeniliklər ediləcək

Azərbaycanda tələbələrin elmi-tədqiqat işləri ilə məşğul olması sahəsində yeniliklər ediləcək
# 08 oktyabr 2012 13:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda tələbələrin elmi-tədqiqat işləri ilə məşğul olması sahəsində yeniliklər ediləcək. Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurum tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasını daha da yaxşılaşdırmaq üçün iki əsasnamə hazırlayaraq Azərbaycan Nazirlər Kabinetinə təqdim edib: “Bunlar “Ali təhsil müəssisələrində təhsil alanların elmi-tədqiqat işinin təşkili haqqında” əsasnamə və “Tələbə Elmi Cəmiyyəti (TEC) haqqında” nümunəvi əsasnamədir. Layihələr ölkə prezidentinin “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na əsasən hazırlanıb. Layihədə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların elmi-tədqiqat işinin sistemli şəkildə və fasiləsiz təşkil edilməsi və tədris prosesinə maksimum yaxınlaşdırılması nəzərdə tutulub”.

G. Hüseynovanın sözlərinə görə, müstəqillik illərində Azərbaycanda belə sənədlər ilk dəfə hazırlanaraq təsdiq olunacaq: “Bu vaxta qədər müvafiq əsasnamələr yox idi. “Tələbə Elmi Cəmiyyəti haqqında” nümunəvi əsasnamədə nəzərdə tutulub ki, yaxşı oxuyan tələbələr TEC-lərə cəlb olunsunlar, onlara elmi rəhbərlər verilsin və fərdi iş planı üzrə bu tələbələr tədqiqat işi aparsınlar. Ən yaxşı işlər isə konfranslara, simpoziumlara, müxtəlif elmi tədbirlərə təqdim olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR