İran Sudana iki hərbi gəmi göndərib

İran Sudana iki hərbi gəmi göndərib
# 30 oktyabr 2012 11:01 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu gün səhər saatlarında İran Hərbi-Dəniz Donanmasına məxsus iki hərbi gəmi Sudanın “Portret” limanına yan alıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, xəbərdə hərbi gəmilərin qonşu ölkələrə sülh və təhlükəsizlik mesajı olduğu və dəniz terrorizminə qarşı təhlükəsizliyi təmin etmək üçün sərbəst sulara göndərildiyi və Sudanın “Portret” limanına dəmir atdığı qeyd olunub. Məlumatda həmçinin 22-ci donanmanın komandanlarının Sudan Hərbi-Dəniz Qoşunlarının komandanları ilə görüşəcəyi də bildirilib.

Xəbərdə deyilir ki, Sudana göndərilən “Şəhid Dəryaban Nəqdi” freqatı və “Hark” helikopter gəmisindən ibarət olan və iki aydan bəri beynəlxalq və sərbəst sularda vəzifə yerinə yetirən 22-ci donanma bu ilin sentyabr ayında Bəndər Abbas limanından yola çıxıb.

Qeyd edək ki, 6 gün əvvəl Sudanın paytaxtı Xartum şəhərində bir silah fabriki yerlə yeksan olub. Sudan İrana aid olduğu bildirilən fabrikin İsrail tərəfindən bombalandığı iddiası ilə BMT-yə müraciət etmişdi. İran fabriklə əlaqəsi olduğunu nə təsdiq, nə təkzib edib. İrandan da hərbi gəmilərin Sudana göndərilməsi ilə silah fabrikindəki partlamalar arasında hansısa bir əlaqənin olması ilə bağlı şərh verilməyib. Ancaq İranın bu fabrikdə “Hamas” üçün silah istehsal etdiyi ehtimal olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR