Azərbaycanda vahid nüfuzlu Dil Qurumunun yaradılması təklif olunur

Azərbaycanda vahid nüfuzlu Dil Qurumunun yaradılması təklif olunur
# 27 iyul 2012 15:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşçi Qrupunun kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə iclası keçirilib. AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsindən APA-ya verilən məlumata görə, tədbir bölmənin akademik katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın sədrliyi ilə baş tutub.

İclasda çıxış edən Kamal Abdulla AMEA alimləri, ali təhsil müəssisələrinin əməkdaşları və aidiyyəti nazirliklərin nümayəndələrinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” layihəsi üzərində çalışdıqlarını deyib. İşçi Qrupun bu günə kimi gördüyü işlər haqqında məlumat verən K. Adbulla bildirib ki, Azərbaycan dilinin bugünkü vəziyyəti, sabahkı mövcudiyyət istiqamətləri hamını narahat edir. Onun sözlərinə görə, dil böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amilidir: “Bunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanları, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması, dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsinin yüksək estetik tələblərə cavab verməməsi prezidentin sərəncamında vurğulanib”. K. Abdulla dəvət olunan KİV nümayəndələrini dövlət proqramının hazırlanması ilə bağlı müzakirələrə dəvət edib.

İclasda AzərTac-ın baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media ekspertləri Qulu Məhərrəmli, Zeynal Məmmədli və digərləri çıxış edərək prezidentinin sərəncamında qaldırılan məsələlərə münasibət bildirib və Azərbaycan dilinin qorunmasına böyük ehtiyacın olduğunu deyiblər.

İclasda orta məktəblərdə Azərbaycan dili dərslərinin tədris saatlarının artırılması, ali məktəblərin bütün fakültələrində nitq mədəniyyəti fənninin tədrisi, qəzetlərdə korrektor və stilist redaktor vəzifələrinin bərpası, respublika üzrə vahid nüfuzlu Dil Qurumunun yaradılması, televiziyalarda bədii şuraların bərpa olunması, sosial şəbəkələrə yönəldilmiş xüsusi şuraların yaradılması, orfoqrafiya, orfoepiya lüğətlərinin vaxtaşırı çap olunması, inzibati metodların tətbiqi, ictimai qınağın gücləndirilməsi, Dilçilik İnstitutunda KİV-in dili ilə məşğul olan şöbənin açılması, dil polisinin yaradılması, dillə bağlı olimpiadaların keçirilməsi və sair təkliflər səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR