Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib
# 16 aprel 2012 14:07 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, iclasda çıxış edən prezident İlham Əliyev bu ilin birinci rübünün sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirib ki, 2012-ci il uğurlu başlayıb. Ölkədə ümumi daxili məhsul 0,5% artıb, qeyri-neft sektorunda bu göstərici 7,7% olub: “Ümumi sənaye istehsalı 0,3% azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5% artıb. Bu, müstəqillik dövründə rekord göstəricidir”.

Artıq sənayeləşmə siyasətinin gözəl nəticələr verdiyini deyən dövlət başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1% təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14% artdığını bildirib. O qeyd edib ki, bu ilin dövlət büdcəsi 20 mlrd. dollardan çoxdur, icmal büdcə 25 mlrd. dollardır: “Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 mlrd. dollardan çoxdur”.

Prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni strategiyasının müəyyən edildiyini, hazırda Fondun investisiya və yerləşdirmə portfelinin genişləndiyini, bununla da ölkəmizin iqtisadi gücünün daha da artdığını vurğulayıb. “Dövlət İnvestisiya Proqramı bizim üçün əsas inkişaf mexanizmidir”, - deyən prezident qeyd edib ki, Azərbaycanın investisiya paketində daxili sərmayələr üstünlük təşkil edir. Onun sözlərinə görə, indi ölkədə böyük ixrac potensialı formalaşıb və dövlət bu potensialın güclənməsində maraqlıdır. Sahibkarlığın inkişafı ilə bağlı bu il 200 mln. manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Birinci rübdə 24 min yeni iş yeri yaradılıb ki, onlardan da 20 mini daimidir.

Azərbaycanın beynəlxalq iqtisadi reytinqinin getdikcə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, ölkədə sosial məsələlərin həlli də diqqət mərkəzindədir. Cari ilin birinci rübündə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsünün həyata keçirilməsi ilə bağlı işlərə başlandığını deyən Azərbaycan prezidenti kompensasiya üçün təxminən 1 mlrd. manat vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

“Birinci rübdə Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib”, - deyən dövlət başçısı bu ildən etibarən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi səlahiyyətlərinin icrasına başladığını və gələn aydan bu quruma sədrlik edəcəyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, birinci rübdə Azərbaycan Davos İqtisadi Forumunda, Münhen Təhlükəsizlik Konfransında və Koreyada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində uğurla təmsil olunub, Avronest Parlament Assambleyasının ikinci sessiyası Bakıda keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, Azərbaycan güclənir, ölkədə böyük hərbi sənaye potensialı yaradılır, ordunun qüdrəti artırılır.

Sonra vergilər naziri Fazil Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 2012-ci ilin birinci rübündə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın yekunları barədə məlumat veriblər.

Prezident İlham Əliyev yekun nitqində ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verib. Dövlət başçısı deyib ki, bu il texnoparkların yaradılması istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar tətbiq olunmalı, aqroservis şirkətlərinin sayı artırılmalı, ekoloji məsələlərin həlli diqqət mərkəzində saxlanılmalı, paytaxtın və digər şəhərlərin su-kanalizasiya problemi həll olunmalı, Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramının icrası davam etdirilməlidir. Bununla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində işlərin miqyası genişləndirilməli, Bakı şəhərinin inkişaf konsepsiyasına uyğun olaraq abadlıq-quruculuq işləri davam etdirilməli, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması, diaspor quruculuğu və islamofobiya meyllərinə qarşı mübarizə tədbirləri gücləndirilməlidir.

Sonda prezident İlham Əliyev uğurlu sosial-iqtisadi islahatların ölkəmizin müstəqilliyini daha da gücləndirdiyini və bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR