Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Almaniyanın Bielefeld şəhərində yürüş-mitinq keçirilib

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Almaniyanın Bielefeld şəhərində yürüş-mitinq keçirilib
# 01 mart 2012 23:14 (UTC +04:00)
Bakı-APA.Bielefeld şəhərində İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu il ərzində elan edilmiş „Xocalıya ədalət“ kampaniyası çərçivəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş izdihamlı yürüş-mitinq keçirilib.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, mitinqdə Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin, Azərbaycan-Türk Dərnəyinin, Atatürk Düsünce Derneginin, çoxsaylı ictimai-siyasi təşkilatların nümayəndələri, Bielefeld, Hannover, Hamburq və AFR-in digər şəhərlərindən gəlmiş həmyerlilərimiz, türk soydaşları, iş adamları, ictimai-siyasi xadimlər və almaniyalı dostlar iştirak ediblər.
Tədbirin təşkilatçısı Nordrhein-Westfalen federal əyalətindəki Azərbaycan diasporunun nümayəndəsi Təranə Tağıyeva tədbiri açaraq gələnləri salamlayıb, 20 il əvvəl Xocalı şəhərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı və azərbaycanlı əhaliyə qarşı keçirilmiş soyqırımı barədə məlumat verib.
Sonra Hannover şəhərindəki “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha genişmiqyaslı işlərin görülməsi vacibliyindən danışıb, həmyerlilərimizi bu işdə daha fəal olmağa çağırıb. Yürüşdə azərbaycanlı rəssam Eldar Cabbarlının Xocalı mövzusunda yaratdığı bədii əsər də nümayiş etdirilib.
Daha sonra iştirakçılar Bielefeld şəhərinin mərkəzi küçələrindən keçərək Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını və erməni qəsbkarlarının Qarabağı tərk etmələrini tələb ediblər. Azərbaycan və türk bayraqlarının dalğalandığı bu yürüş zamanı şəhər sakinlərinə soyqırımına dair əyani vəsaitlər, broşürlər və digər məlumat kitabçaları paylanılıb.
Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri meqafon vasitəsilə sakinlərə və şəhərin qonaqlarına Xocalı faciəsi haqda məlumat vermiş, onları yürüşün məqsədi və mahiyyəti ilə tanış ediblər.
Yürüş kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
Tədbirin təşkilatçısı Təranə Tağıyeva gələn il Xocalı soyqırımı ilə əlaqədar Bielefeld şəhərində yürüşün keçirilməsi barədə məlumat verib və hamını həmin yürüşdə mütəşəkkil şəkildə iştirak etməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR