Səfir: “Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Rumıniya arasında strateji prioritet olaraq qalır”

Səfir: “Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Rumıniya arasında strateji prioritet olaraq qalır”
# 20 iyun 2012 11:41 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu bildirib.

Onun sözlərinə görə, Rumıniya Azərbaycanla əməkdaşlığını neft-qaz sektorundan başqa digər sahələrdə də inkişaf etdirməyə hazırdır: “Düşünürük ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda, o cümlədən kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə birgə işləyə bilərik”.

Səfir qeyd edib ki, bununla əlaqədar iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işinə ümidlər böyükdür: “Bu il komissiyanın 5-ci iclası keçirilir. Ümid edirik ki, komissiyanın fəaliyyəti ölkələr arasında iqtisadi əlaqələri və ticarəti inkişaf etdirməyə imkan verəcək”.

Bundan başqa, Rumıniya Azərbaycanla təhsil, səhiyyə, fövqəladə hallar, ədliyyə sistemində islahatlar, aqroindustriya və orqanik kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır: “Amma təbii ki, energetika məsələləri ikitərəfli iqtisadi əməkdaşlıqda strateji prioritet olaraq qalır. Hər iki ölkə enerji infrastrukturu sahəsində mühüm təşəbbüs kimi “Cənub dəhlizi” layihəsinin vacibliyini anlayır”.

D.K.Çobanu deyib ki, Rumıniya “Nabucco”, PEOP və AGRI layihələrini dəstəkləməklə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini vermək istəyir: “AGRI layihəsi “AGRI LNG Project”in səhmdarlarının görüşündə təsdiq olunmuş plan üzrə həyata keçirilir. Aprel ayında “British Penspen” ASC layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün seçilib. Bu proses Rumıniya hökuməti üçün prioritet sayılır. Texniki-iqtisadi əsaslandırmanın yaxın aylarda hazır olacağı gözlənilir. Azərbaycan da sürətlənməsində maraqlıdır. AGRI layihəsi “Cənub dəhlizi” layihələrinə əlavə olmaqla Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR