«Zərgərsənaye» İstehsalat Birliyinin bazasında «Azərsuvenir» MMC yaradılıb

«Zərgərsənaye» İstehsalat Birliyinin bazasında «Azərsuvenir» MMC yaradılıb
# 25 iyul 2012 10:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Prezidentinin İşlər İdarəsinin tabeliyində olan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında «Azərsuvenir» (Azərbaycan Suvenirləri) MMC yaradılıb.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, yeni müəssisənin yaradılması Azərbaycan prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»na uyğun olaraq həyata keçirilib. Bu zaman Azərbaycan Prezidentinin İşlər İdarəsinin Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınıb.

Qərara əsasən, Azərbaycan Prezidentinin İşlər İdarəsi «Zərgərsənaye» İstehsalat Birliyinə məxsus əmlakın, əmlak hüquqları öhdəliklərinin və borcların hüquqi varisi olan «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsini, eləcə də yeni müəssisənin Nizamnaməsinin müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR