Şirvanda 199 km yeni qaz xətləri çəkilib

Şirvanda 199 km yeni qaz xətləri çəkilib
# 15 avqust 2012 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Şirvan şəhərində 198 683 metr uzunluğunda yeni qaz kəməri çəkilib, 327 ədəd yeni siyirtmə quraşdırılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, şəhərin Hacıqəhrəmanlı qəsəbəsinin və «Kənd evləri» massivinin qaz təchizatı şəbəkəsi yenidən qurulub, Hacıqabul Qazpaylayıcı Stansiyası və Muğan ölçü qovşağından şəhərə yeni daşıyıcı qaz kəmərləri çəkilib: «Cari ilin yanvar-iyul ayları ərzində şəhərin Nizami, G.Şıxbalaoğlu, M.Hüseynzadə, Xaqani, Şirvan, Şəhidlər, M.Maqomayev, Vidadi, T.Ələkbərov, T.Bağırov, 1 May, E.Əzimov, İ.Qayıbov, Ş.Şükürov, Əli Bayramov, Mehmandarov küçələri və «Bağçılıq» massivində 37 010 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib və 329 qaz sayğacı həyətyanı sahələrdən kənara çıxarılıb, 2 142 köhnə tipli qaz sayğacı yenisi ilə əvəz olunub, 312 vətəndaşın mənzilinə qaz sayğacı quraşdırılaraq qeydiyyata alınıb».

Eyni zamanda, istehlakçıların qaz təminatının yaxşılaşdırılması üçün şəbəkədə tənzimləmə işlərinin aparılması təmin edilib, 1 ədəd yeni qaztənzimləyici şkaf və 130 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. Hazırda şəhərin «Kənd evləri» massivinin M.Əsədov küçəsində, «Bağçılıq» massivinin Naxçıvan küçəsində, Xanlar, Nizami, M.Mirzəyev və Neftçilər küçələrində qaz kəmərlərində yenidənqurma işləri aparılır. Qaz itkisinin minimuma endirilməsi istiqamətində görülən tədbirlər sayəsində şəhər üzrə bu göstərici ötən illə müqayisədə 50%-dən 10%-dək azalıb. Eyni zamanda, 2011-ci illə müqayisədə satılmış qazın dəyərinin istehlakçılar tərəfindən ödənilməsi 92,3%-dən 104,4%-ə, o cümlədən güzəştsiz əhali abonentləri üzrə 85,8%-dən 110,3%-ə qalxıb.

Qeyd edək ki, Şirvan şəhəri təbii qazla 3 mənbədən - Hacıqabul Qazpaylayıcı Stansiyası, Şirvan Qazpaylayıcı Stansiyası və Muğan ölçü qovşağından təchiz olunur. Hazırda şəhərin əksər yerlərində abonentlər təbii qazla normal təchiz edilir. Yalnız 2010-cu ilin may ayında Kür çayının daşması nəticəsində şəhərin Bayramlı qəsəbəsinin qaz təchizatında ciddi problemlər yaranıb, lakin «Azəriqaz» İB tərəfindən Kür çayından keçməklə qəsəbəyə 260 metr uzunluğunda 159 mm-lik daşıyıcı qaz kəməri çəkilib və qəsəbədaxili qaz kəmərlərində təmir-bərpa işləri aparılaraq abonentlərin bir hissəsinin qaz təchizatı bərpa olunub. Qaz şəbəkəsində olan itkilərlə əlaqədar 2012-ci ilin aprel ayında qəsəbənin qaz təchizatı dayandırılıb. Hazırda qəsəbədaxili daşıyıcı və paylayıcı qaz kəmərlərində yenidənqurma işlərinin aparılmasına başlanılıb, 2 min metr uzunluğunda 108 mm-lik daşıyıcı kəmər çəkilmişdir və bu istiqamətdə işlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR