Əbülfəs Qarayev: “Heç kim düşünməməlidir ki, teatrın bütün problemləri birbaşa dövlətin üzərindədir”

Əbülfəs Qarayev: “Heç kim düşünməməlidir ki, teatrın bütün problemləri birbaşa dövlətin üzərindədir”
# 14 sentyabr 2012 17:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan teatrlarında ötən mövsüm ərzində 150 faiz artım olub. Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir eləcə də, teatr sahəsində çalışanların əmək haqlarının artım prosesindən və tamaşaların anşlaqla keçirilməsindən də xəbər verib. Ə.Qarayev qeyd edib ki, son beş il müddətində teatrlarda tətbiq olunan maaş cədvəlinə bir neçə dəfə baxılıb: “Bu gün iki teatr yeni qanunvericiliyə uyğun olaraq milli status alıb və o teatrlarda iki dəfə 100 faiz maaşlar artıb. Dörd teatrda isə yaradıcı heyət 25 faiz artımla çalışır. Lakin qeyd etdiyim islahatlar çərçivəsində bu gün teatrların sərbəst, yəni öz maliyyə imkanları daxilində fəaliyyət göstərməyə biz şərait yaradırıq. Bu gün bizim rejissorlar tamaşaları müqavilələr əsasında qoyurlar və bu heç də maaşla bağlı deyil. Müqavilə əsasında əlavələr, yeni qüvvələrin cəlb olunması, maaşlara əlavələr nəzərdə tutula bilər. Artıq müasir metodikadan istifadə etməliyik. Heç kim düşünməməlidir ki, teatrın bütün problemlərini birbaşa dövlətin üzərindədir. Dövlət maksimum imkanları daxilində hər baxımdan teatrlara şərait yaradır. Bir il müddətində dövlət sifarişi ilə 50-dən çox yeni tamaşa təqdim edilib. Bundan gələn vəsaitlə, eyni zamanda biletlərdən və qastrollardan gələn pul ilə teatr qazanmalı və səmərəli istifadə etməlidir”. Nazir onu da deyib ki, yaradıcı işlə məşğul olan teatrlar maaş söhbətini belə etmirlər.

“Azərbaycan teatrlarında nə zaman tamaşaların nümayişinin anşlaqla baş tutacağı” sualına cavab olaraq isə nazir bildirib ki, bu gün kifayət qədər anşlaqla keçən tamaşalar var: “Mən bu tamaşaların bir neçəsində şəxsən özüm olmuşam. Çox sevinirəm ki, teatrlarımızın artıq öz tamaşaçı auditoriyası formalaşır. Bu həm Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şuşa, İrəvan teatrı, eləcə də region teatrlarında öz tamaşaçı auditoriyası var. Sözsüz ki, hər hansı bir yeni tamaşa böyük əks-səda doğurur”.

Nazir onu da vurğulayıb ki, keçən mövsümdə teatrlarımıza gələn tamaşaçıların sayı 150 faiz artıb. Ə.Qarayev eləcə də region teatrlarında bütün məhsul şəxslərin dəyişdirildiyini və bu halın məhsuldarlığa xidmət edəcəyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR