Azərbaycan-Litva Gənclərinin Yay Düşərgəsi təşkil olunacaq

Azərbaycan-Litva Gənclərinin Yay Düşərgəsi təşkil olunacaq
# 14 avqust 2012 09:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Avqustun 24-31-də Qəbələ və Nabranda Azərbaycan-Litva gənclərinin birgə yay düşərgəsi təşkili olunacaq. APA-nın məlumatına görə, yay düşərgəsində azərbaycanlı və litvalı gənclərin iştirakı, konfransın, mədəniyyət gecəsinin, müxtəlif intellektual və əyləncəli oyunların keçirilməsi, Qəbələ, Şəki və Quba rayonlarının tarixi və gəzməli yerlərinə ekskursiyaların təşkili, Bakı şəhəri ilə tanışlıq və Qobustan Dövlət Qoruğuna səyahət nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin aprel ayının 2-də Bakıda keçirilən Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı imzalanmış protokola əsasən, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində gənclər arasında birgə tədbirlər keçiriləcək, Azərbaycan və Litvada gənclərin yay istirahətləri, sağlamlıq düşərgələri təşkil ediləcək.

Yay düşərgəsində iştirak edən litvalı gənclərin Azərbaycanın tarixi ərazilərinə, o cümlədən Qobustan, Qəbələ və Şəki rayonlarının tarixi yerlərinə və Qubadakı kütləvi soyqırımı məzarlığına ziyarətinin təşkili də nəzərdə tutulub. Bu, litvalı gənclərə ölkəmizin və xalqımızın adət-ənənələri haqqında hərtərəfli bilik əldə etməyə və müasir Azərbaycanın iqtisadi inkişafını əyani şəkildə göstərməyə imkan verəcək. litvalı gənclər Azərbaycanın təhsil sistemi və universitetləri haqqında məlumat əldə edəcək və Azərbaycanda təhsilin özəllikləri ilə tanış olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR