İlin sonunda Balaxanıda məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları açılacaq

İlin sonunda Balaxanıda məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları açılacaq
# 23 oktyabr 2012 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları 2012-ci ilin dekabr ayında istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, hazırda hər iki zavod sınaq rejimində fəaliyyət göstərir və bu ilin sonunda müəssisələr istifadəyə veriləcək.

Qeyd edək ki, bərk məişət tullantılarının yandırılması zavodunun fəaliyyəti nəticəsində 500 min ton məişət və 10 min ton tibbi tullantı utilizasiya olunacaq ki, bunun nəticəsində 230 mln. kVt/saat elektrik enerjisi istehsal ediləcək. İlkin hesablamalara əsasən, zavodun fəaliyyəti nəticəsində Bakıda tullantıların ümumi kütləsi 3 dəfə, həcmi isə 10 dəfə azalacaq.

Xatırladaq ki, vaxtilə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda baş verən yanğın və tüstülənmə Bakı şəhərinin ekoloji vəziyyətinə və insan sağlamlığına mənfi təsir göstərib. Lakin «Təmiz Şəhər» ASC tərəfindən Balaxanı poliqonunun idarəetməsinə başlandıqdan sonra ərazidə yanğın və tüstülənmə hallarının qarşısı alınıb. Ümumiyyətlə, «Təmiz şəhər» ASC məişət tullantılarının toplanması, emalı və utilizasiyası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə 2008-ci ildə təsis olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR