BMT rəsmisi Qarabağ bölgəsində məcburi köçkünlərlə görüşüb

BMT rəsmisi Qarabağ bölgəsində məcburi köçkünlərlə görüşüb
# 16 aprel 2012 18:52 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurtson Laçın və Ağdam rayonundan olan məcburi köçkünlərlə görüşüb. O, əvvəlcə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətində, sonra yeni istifadəyə verilmiş məcburi köçkün qəsəbəsində gələrək uşaq bağçaları, məktəb, poliklinikanın fəaliyyəti ilə tanış olub. Daq Siqurtson Vağazin Ağcabədi şəhərində texniki peşə məktəbinin yataqxanasında məskunlaşmış laçınlı məcburi köçkünlərə də baş çəkib, onların yaşayış şəraiti ilə yaxından maraqlanıb. BMT rəsmisi günün sonuna yaxın Ağdam rayonuna gedib. Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov qonağa Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verib. Rayon rəhbəri, Daq Siqurtsona Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 73 faizinin işğal edilərək talan olunmasını, rayonun 180 min nəfərlik əhalisindən 140 min nəfərinin məcburi köçkün olmasını, Azərbaycan dövlətinin öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salındığını bildirib. Hazırda rayon ərazisində 90 min əhali yaşayır ki, onun 50 mindən artığı məcburi köçkünlərdir.
Qonaq rəsmi görüşdən sonra Quzanlı mal fermasında və Dördyol ərazisində məskunlaşan məcburi köçkünlərlə görüşərək, onların həyat şəraiti ilə tanış olub. Jurnalistlərə müsahibəsində Daq Siqurtson bölgəyə səfərində əsas məqsədinin məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmasından ibarət olduğunu bildirib: “Mən səfər zamanı Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı nailiyyətlərin əldə olunduğunun şahidi oldum. Ümid edirəm ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan hökumətinə qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin daha da yaxşılaşdırılmasında dəstək olacaq və əməkdaşlığını genişləndirəcəkdir”.
Görüşlərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsinin məsləhətçisi Abil Qədirov da iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR