BMT baş katibi: “Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir”

BMT baş katibi: “Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir”
# 31 may 2012 13:34 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. BMT baş katibi Pan Gi Mun - 31 May Ümumdünya Tütünlə Mübarizə Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, 1988-ci il mayın 31-də assambleyanın 42-ci sessiyasında 19 saylı qətnamə ilə Ümumdünya Tütünlə Mübarizə Günü elan olunub.

Müraciətdə bildirilir ki, tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəlikləri yaradaraq onları öldürür: “Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir. 600 min insan isə tütün tüstüsündən, yəni passiv siqarətçəkmədən ölür. Tütün insanlara hərtərəfli və ağır zərbə vurur. O, inkişafı ləngidir və yoxsulluğu kəskinləşdirir. Tütündən istifadə əhalinin yoxsul təbəqəsi arasında daha çox rast gəlindiyinə və yoxsul insanların bu vərdişin yaratdığı maddi və səhiyyə problemlərindən daha çox əziyyət çəkdiklərinə görə, bu asılılıq və yoxsulluq çox ağır fəsadlar törədir”.

Müraciətdə deyilir ki, qlobal inkişaf məqsədlərinə çatmaq üçün tütünlə mübarizə zəruridir: “Biz bu mübarizə üçün səylərimizi artırmasaq, tütün bu yüzillik ərzində bir milyarda qədər insanın ölümünə səbəb ola bilər. Tütün sənayesi və ictimai sağlamlıq siyasətinin maraqları bir-birinə ziddir. Çərçivə Konvensiyası qüvvəyə minəndən sonra tütün sənayesi insan sağlamlığını nəzərə almadan qoruyucu tədbirlərə qarşı mübarizə aparır. Lakin biz irəliləyiş əldə edirik. Bəzi ölkələr cəmi 3 il ərzində Çərçivə Konvensiyasına uyğun olaraq həyata keçirilən güclü tütün nəzarət tədbirləri nəticəsində tütün istifadəsini 25 faizə qədər azaltmağa nail olub. Ümumdünya Tütün ilə Mübarizə günündə mən bütün hökumətləri və vətəndaş cəmiyyətlərini tütün sənayesinin Çərçivə Konvensiyasının həyata keçirilməsinə mane olmaq səylərinin qarşısını almağa çağırıram. Gəlin tütün sənayesinin müqavimətinə qarşı çıxaq və tütündən azad dünya baxışını həyata keçirək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR