Azərbaycan və İtaliya arasında ölkəmizə aid əlyazmaların tapılması və öyrənilməsi sahəsində müqavilə imzalanacaq

Azərbaycan və İtaliya arasında ölkəmizə aid əlyazmaların tapılması və öyrənilməsi sahəsində müqavilə imzalanacaq
# 18 iyul 2012 12:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan və İtaliya arasında Azərbaycan əlyazmalarının tapılması və ölkəyə gətirilməsi sahəsində müqavilə imzalanacaq. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli deyib.

Onun sözlərinə görə, bu ilin dekabr ayının ortalarında İtaliyanın Neapol şəhərində Neapol Universitetinin təşkilatçılığı ilə Şərq əlyazmalarına dair beynəlxalq konfrans keçiriləcək. Orada Azərbaycan əlyazmalarının öyrənilməsi, kataloqlarının tərtib olunması və xaricdə nəşr edilməsi məsələləri də müzakirə olunacaq: “Azərbaycan və İtaliya alimləri Azərbaycan əlyazmalarının tapılması və ölkəyə gətirilməsi sahəsində əməkdaşlıq edəcəklər. Hətta İtaliya alimləri Azərbaycandakı maraqlı Şərq əlyazmaları ilə də maraqlanırlar. Azərbaycan və İtaliya arasında əlyazmaların tapılması və öyrənilməsi sahəsində müqavilənin imzalanması gözlənilir. Çünki artıq İtaliya ilə müəyyən əməkdaşlığımız var”.

F. Ələkbərli deyib ki, İtaliyada Azərbaycan əlyazmaları həddindən artıq çoxdur: “Təkcə Apostol kitabxanasında və Vatikanın məxfi arxivində Azərbaycana aid yüzlərlə əlyazma var. Onların ən maraqlıları ölkəyə gətirilib. Amma istər Romanın özündə, istərsə də Venesiyada, Florensiyada böyük kitabxanalar var. O kitabxanalarda Azərbaycana aid saysız-hesabsız əlyazmalar var. Təxmini hesablamalara görə, bu əlyazmaların sayı 1000-dən çoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR