Milli Məclisin üzvləri Litvada beynəlxalq konfransa qatılacaq

Milli Məclisin üzvləri Litvada beynəlxalq konfransa qatılacaq
# 08 may 2012 08:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) deputatı, GUAM PA-nın sədri, eyni zamanda qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov və deputat Əli Məsimli mayın 9-dan 13-dək Litvanın Palanqa şəhərində səfərdə olacaqlar. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, deputatlar Baltik Assambleyasının təşkil etdiyi Avropa İttifaqı ilə əməkdaşlığa dair Beynəlxalq Parlament Konfransına qatılacaqlar.

Tədbirin açılışında Litva, Latviya və Estoniya parlamentlərinin sədrləri, həmçinin Baltik Assambleyasının prezidenti Paulius Saudarqas çıxış edəcəklər. Konfransda Baltikyanı ölkələrin Avropa İttifaqı ilə qarşılıqlı əməkdaşlığı, milli və regional maraqlar barədə söhbət açılacaq. Parlamentlər, icra hakimiyyətləri və biznes dairələri səviyyəsində əlaqələrin inkişafına nəzər yetiriləcək. Müzakirə olunan məsələlərə münasibətdə Baltik ölkələrinin, GUAM PA-nın, Benilüks İttifaqının və Parlamentinin, Şimal Şurasının (Danimarka, Finlandiya və İsveç) baxışları öyrəniləcək.

Milli Məclisin deputatları Beynəlxalq Parlament Konfransında aparılan debatlarda yaxından iştirak edəcək, regional əməkdaşlığa dair məsələlərə Azərbaycanın maraqları baxımından münasibət bildirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR