Azərbaycanın səfiri etimadnaməsini Efiopiya prezidentinə təqdim edib

Azərbaycanın səfiri etimadnaməsini Efiopiya prezidentinə təqdim edib
# 02 noyabr 2012 00:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Misirdəki səfiri Ş.Abdullayev etimadnaməsini Efiopiya prezidenti Qirma Voldeqiorqisə təqdim edib.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir Abdullayev Azərbaycan prezidentinin salamlarını Efiopiya prezidentinə çatdıraraq qədim tarixi əlaqələrə malik olan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Səfir Azərbaycanın xarici siyasətində Afrika ölkələri, o cümlədən Efiopiya ilə əməkdaşlığın inkişafına verilən əhəmiyyətdən danışıb.
Abdullayev Azərbaycanın və Efiopiyanın yerləşdikləri regionlarda mühüm rol oynadıqlarını qeyd edərək, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, elm-təhsil, turizm və humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib. O, SSRİ dövründə Afrikadan, o cümlədən Efiopiyadan çoxlu sayda tələbələrin Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, indi Efiopiyanın ictimai-siyasi həyatında mühüm rol oynayan bu şəxslərin iki ölkə arasında mühüm körpü olduqlarını və təhsil sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun doğurduğu fəsadlar haqqında danışaraq, dünya birliyinin bu məsələdə qətiyyətli mövqeyinin vacibliyini diqqətə çəkib.
Prezident Qirma Voldeqiorqis iki ölkə arasında əlaqələrin inkişafı naminə Efiopiya hökumətinin də əlindən gələni edəcəyini qeyd edib.
Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiklərini qeyd edən prezident Qirma Voldeqiorqis iki ölkə arasında investisiya imkanlarının artırılmasının və iqtisadi əlaqələrin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Prezident Qirma Voldeqiorqis səfir Ş.Abdullayevə diplomatik fəaliyyətində uğurlar arzulamış və bundan sonra iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Efiopiyaya səfəri çərçivəsində Abdullayev Dövlət naziri Fisseça Yimer, Mədən və neft sənayesi naziri Sinkneş Ejiqu, Baş nazirin müavini və təhsil naziri Demeke Mekonnen və parlamentin sədri Abadulla Qemada ilə də görüşlər keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR