Politoloq: “Prezidentimizin Qoşulmama sammitində iştirak etməməsi üçün hər şeyi edən İran indi onun bu tədbirdə iştirakı üçün az qala yalvarır”

Politoloq: “Prezidentimizin Qoşulmama sammitində iştirak etməməsi üçün hər şeyi edən İran indi onun bu tədbirdə iştirakı üçün az qala yalvarır”
# 27 avqust 2012 13:09 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan Respublikası Qoşulmama Hərəkatına tam hüquqlu üzv olduğu qısa müddət ərzində bu hərəkatda ciddi uğur əldə etdi. Qurumun Şarm əl-Şeyx ministerialında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında tənzimlənməsini dəstəkləyən sənəd qəbul edildi. Həmin tədbirdə İran və Ermənistanın xarici işlər nazirlərinin daim bir yerdə olmaları da sənədin qəbul edilməsinə maneçilik yarada bilmədi. Qoşulmama Hərəkatı bununla Azərbaycana xüsusi münasibət nümayiş etdirdi”. APA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

M. Əhmədoğlu qeyd edib ki, Qoşulmama Hərəkatının fəaliyyətini tənzimləyən sənədlərdə ərazi bütövlüyü və bir birinin daxili işlərinə qarışmamaq başlıca prinsiplər kimi öz əksini tapıb: “Təəssüf ki, İran uzun illərdir Azərbaycanın daxili işlərinə qarışır və bu fəaliyyət ölkəmizin ərazi bütövlüyünə təhdid səviyyəsinədək yüksəlib. Digər tərəfdən, Qoşulmama Hərəkatının növbəti sammitinin İranda keçirilməsi bəlli olduqdan sonra Tehran Azərbaycan rəhbərliyini seçim qarşısında qoymaq üçün əlindən gələni etdi və öz məqsədinə uyğun addımlar atdı.

Belə ki, Qoşulmama Hərəkatının növbəti sammitinin İranda keçiriləcəyi bəlli olan kimi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti dövlət başçısının bu sammitdə iştirak edəcəyi ilə bağlı məlumat yaydı. İran bundan dərhal sonra enerji naziri M. Namcu vasitəsilə Ermənistan prezidentinə və paralel olaraq Hindistan rəhbərliyinə Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün dəvətnamələr göndərdi. Hindistan Qoşulmama Hərəkatının 3 təsisçisindən biri olmaqla yanaşı, əhalisinin sayına görə, dünyanın ikinci iri dövlətidir. Ermənistan Qoşulmama Hərəkatının üzvü deyil, bu təşkilatda müşahidəçi statusuna malikdir və KTMT adlı hərbi-siyasi bloka daxildir. İranın Ermənistanı tələm-tələsik tədbirə dəvət etməsi Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sammitində iştirakına İranın ilk reaksiyası kimi başa düşülməlidir.

Məlum olduğu kimi, həmin ərəfədə İran Azərbaycandakı səfirini geri çağırmışdı. Səbəb kimi mayın 11-də Bakıdakı mitinqdə iranlıların Ali dini liderinin təhqir olunması göstərildi. Lakin iranlıların Ali dini lideri təhqir olunmuşdursa, rəsmi Tehran buna 10 gündən sonra deyil, dərhal reaksiya verməli idi. Eləcə də hamıya bəllidir ki, səfir M. Bəhrami Ali dini liderin komandasında olan şəxsdir. Digər tərəfdən, iranlıların Ali dini liderinin Bakıdakı nümayəndəsi Ocaqnejadın heç tükü də tərpənmədi. Əksinə, son dövrlərdə Ocaqnejad Azərbaycanda özünü daha şad aparır. Deməli, bu addımların arxasında daha ciddi səbəblər dayanır. Rəsmi Tehran səfirini geri çağırmaqla Azərbaycan Prezidentinə dəvətin göndərilməsi üçün Bakının özünün maneə yaratdığını nümayiş etdirmək istəyirdi. Amma həmin dövrdə Azərbaycan Respublikasının İrandakı səfiri C. Axundov Tehranda fəaliyyətini davam etdirirdi.

Bir müddətdən sonra İran tərəfi başa düşdü ki, ABŞ və Qərb Qoşulmama Hərəkatının sammitində iştirak edən dövlət başçılarının sayının mümkün qədər az olmasına çalışacaq. Ona görə İran Qoşulmama Hərəkatının Tehran sammitinə münasibətdə ABŞ-la eyni istiqamətdə siyasət aparmaqdan çəkindi və özü prezidentlərin gəlməsinə qoyduğu maneələri aradan qaldırmağa başladı. Dərhal prezident M. Əhmədinejad şirin vədlərlə dolu dəvət məktubunu İranın təhsil naziri vasitəsilə Bakıya göndərdi. Barış mesajlarının yer aldığı bu dəvətə rəsmi Bakının münasibəti müsbət oldu. Az keçmiş rəsmi Tehran özünün kurasiyasındakı antiazərbaycan təbliğatla məşğul olan mətbu oqranları vasitəsilə barış təşəbbüsünün İrandan deyil, Azərbaycan Respublikasından gəldiyini bildirdi. Adını islam dövləti qoyan İran özünün müəllifi olduğu barış təşəbbüsündən imtina etdi. Barış məsələsini siyasi şantaja çevirdi. Guya Azərbaycan İrana barış təklifi irəli sürüb.

Bu günlərdə İranın xarici işlər nazirinin müavini S. A. Əraqçı Bakıya səfər edib İran-Azərbaycan münasibətlərində olan anlaşılmaz məsələlərin araşdıracağını bildirildi. Sonra Əraqçının bu səfəri təxirə salındı. Ən nəhayət Əraqçı Bakıya gəldi və həqiqətən çalışdı ki, Azərbaycanın Qoşulmama Hərəkatının Tehran sammitində iştirakının iki ölkə münasibətlərində yeni dövr yaradacağına Bakını inandırsın. Nəzəriyyə ayrı, praktika ayrıdır. Əraqçının Bakıda keçirdiyi bütün görüşlərdə onu başa saldılar ki, İranda günahsız həbs olunmuş iki azərbaycanlı şairin həbsdən azad olunması onun dediyi yeni dövrə inamın açarıdır. Sonradan rəsmilərimiz bunu mətbuat vasitəsilə də çatdırdılar. Rəsmi Tehran bu istiqamətdə heç bir addım atmadı. Cavab olaraq İran İqtisadi Əməkdaşlıq Təşkilatının payızda Bakıda keçiriləcək sammitində iştirak etməyəcəyini bildirdi.

Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvüdür. Hər-halda belə bir dövlətin İran üçün indiki gərgin dövrdə Tehrandakı sammitdə işitirakı daha önəmlidir. Ola bilər, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Tehran sammitində İran prezidentinin də İqtisadi Əməkdaşlıq Təşkilatının payızda Bakı sammitində iştirak etməməsi ümumilikdə hesabı 2:0 Azərbaycanın xeyrinə etsin.

S.A.Əraqçının ərazi bütövlüyü prinsipini dəstəkləməklə bağlı bəyanatına gəldikdə isə, qeyd edək ki, bununla Azərbaycanı şirnikləşdirməyə ehtiyac yoxdur. Əvvəla “Ərazi bütövlüyü prinsipi” Qoşulmama Hərəkatının dəstəklədiyi ən birinci prinsipdir. İkincisi, İran Suriya məsələsinə görə “ərazi bütövlüyü prinsipi”ni indiki dövrdə dəstəkləməyə məcburdur. Üçüncüsü, lap yaxınlarda İranın özünün ərazi bütövlüyü üçün təhdidlər yarana bilər. Dördüncüsü, Qarabağ münaqişəsinin həllində İranın köməyinə ehtiyacımız yoxdur. İranın köməyi dini, mədəni və tarixi baxımdan özü kimi dövlətin yanındadır.

İndidən pis fikir formalaşdırmazdım. Amma İranın Azərbaycan-Əfqanıstan əlaqələrinə neqativ münasibəti bizə yaxşı məlumdur. İranın Azərbaycan Respublikasındakı səfirliyini Əfqanıstan üzrə mütəxəssislərlə möhkəmləndirməsi hər-halda bizim diqqətimizi çəkdi. Yeni təyin olunan səfir İran XİN-də Əfqanıstan komissiyasını sədri işləyib. Müvəqqəti işlər vəkili isə strateji araşdırmalar mərkəzlərinin təmsilçisi adı ilə Qərb dövlətləri ilə Əfqanıstan arasındakı əlaqələrin müzakirəsində aktiv iştirak etmiş şəxsdir.

Bütün baş verənlə sübut etdi ki, İran elə həmin İrandır. Biz isə dəyişirik. Dəyişilməyimiz güclənmə və yaxşılaşma istiqamətindədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR