Sabah Avropa olimpiya təsnifat turniri start götürəcək

Sabah Avropa olimpiya təsnifat turniri start götürəcək
# 13 aprel 2012 12:44 (UTC +04:00)
Bakı – APA. Sabah Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat yarışı start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Hayri Gür İdman Salonunda keçiriləcək turnirdə 44 ölkənin 211 idmançısı mübarizə aparacaq.

Trabzon turnirində London Olimpiadasına daha 26 vəsiqənin sahibi müəyyənləşəcək. “Köhnə qitə”nin əsas boks mərkəzləri – Rusiya və Ukraynanın artıq 6 lisenziyası olduğundan onları qardaş ölkədə 4 nəfər təmsil edəcək. Rusiya milli komandasının heyətinə 2007-ci ilin dünya çempionu Albert Səlimov, son Avropa çempionları Maksim Koptyakov və Məhəmməd Ömərov, həmçinin gənclər arasında dünya birinciliyinin qalibi Artyom Zaytsev daxil edilib. Bu boksçulardan Səlimov 60 kq-da yarışacaq həmyerlimiz Elvin İsayevin potensial rəqiblərindəndir.

Ukrayna millisi Türkiyədə ölkə çempionları Denis Şkarubo (49 kq), Aleksandr Şepelyuk (52 kq), gənclər arasında Avropa çempionu Pavlo İşenko (56 kq) və dünya çempionatının gümüş mükafatçısı Roman Kapitonenko (91+kq) ilə təmsil olunacaq. Olimpiadanı qəbul edəcək Böyük Britaniya kvalifikasiya turnirində 5 boksçu ilə yarışacaq. Bunlardan 3-ü İngiltərədəndir. Yeniyetmələr arasında keçmiş dünya çempionu Entoni Oqoqo, Avropa çempionatının bürünc mükafatçısı Çarli Edvards, gənclər arasında Avropa çempionu Martin Uord. Daha 2 boksçu isə uelsli Coş Teylor və şotlandiyalı Cozef Kordinadır.

İrlandiya yığmasının heyətində 18 yaşlı Avropa çempionu Cozef Uord eləcə də Pekin Olimpiadasının gümüş mükafatçısı Patrik Barns lisenziya qazanmağa daha çox şanslı sayılırlar. Fransa millisi Bakıda keçirilən dünya çempionatında cəmi 3 vəsiqə qazandığından Trabzonda 7 boksçu ilə təmsil olunacaq. Heyətə WSB liqasında özünü yaxşı tərəfdən göstərmiş Noordin Oubali, Abdelkader Bouhenia və Toni Yoka kimi atletlər cəlb edilib.
Almaniya millisi də yarışda bir sıra gənc və istedadlı boksçularla təmsil olunacaq. Avropa çempionu Denis Makarov, dünya çempionatının bürünc mükafatçısı Ronni Beblik, Eugen Burhard və Yohan Vitt Bundestimin əsas lisenziya ümidləridir.

Gənclər arasında Avropa çempionu Filip Hrqoviç (Xorvatiya, 91+kq), Afina Olimpiadasının gümüş mükafatçısı Viktor Zuyev (Belarus, 91+kq), Avropa çempionu Vyaçeslav Qojan (Moldova, 60 kq) və Tervel Pulev (Bolqarıstan, 91 kq) Hayri Gür İdman Salonunda rinqə çıxacaq tanınmış boksçulardır.

Xatırladaq ki, ölkəmizi lisenziya turnirində Salman Əlizadə (49 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Vətən Hüseynli (81 kq) təmsil edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR