Ağabəy Əsgərov və Gülər Əhmədova Əvəz Zeynallının məhkəməsində ifadə veriblər

Ağabəy Əsgərov və Gülər Əhmədova Əvəz Zeynallının məhkəməsində ifadə veriblər
# 02 iyul 2012 15:49 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə cinayət işi üzrə zərərçəkmiş Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov ifadə verib. A. Əsgərov Ə. Zeynallını tanımadığını deyib: “Mən Əvəz Zeynallını birinci dəfədir görürəm. “Xural” qəzetində dəfələrlə mənim barəmdə böhtan xarakterli yazılar yazıldığı üçün məhkəməyə müraciət etmişəm. Məhkəmə mənəvi zərərə görə 1000 manat ödənilməsi və qəzetdə yazılan yazılarla bağlı təkzib verilməsi barədə qətnamə qəbul edib. Lakin məhkəmənin qətnaməsi yerinə yetirilməyib. Hətta qətnamədən də sonra barəmdə təhqir dolu yazılar yazılıb”.

Ə. Zeynallı isə bildirib ki, yazılan yazılarla bağlı qəzetdə təkzib veriblər: “Eyni zamanda 670 manat ödəmişik. Qalan pulu da ödəyə bilərik. Ağabəy Əsgərov nəşriyyatda mafiya yaradıb. Nəşriyyatın 21 hektar ərazisinin 19 hektarını satıb. On beş ildir, nəşriyyatın direktoru işləyir, nəşriyyatın binasından hələ də tualet iyi gəlir”.

Daha sonra şahid qismində deputat Gülər Əhmədova ifadə vermək üçün məhkəmə zalına dəvət olunub. Ə. Zeynallı bildirib ki. G. Əhmədova ilə olan hissəyə hazırlaşmayıb. O, prosesin təxirə salınmasını xahiş edib, vəkili Elçin Sadıqovdan prosesi tərk etməsini istəyib. E. Sadıqov da məhkəməni tərk edib. Hakim isə bildirib ki, vəkilin prosesi tərk etməsi qanunsuzdur. Bu zaman Gülər Əhmədova ilə Əvəz Zeynallı arasında qalmaqal yaşanıb. Tərəflər bir-birini təhqir ediblər. G. Əhmədova bildirib ki, Ə. Zeynallı hər kəsi şərləyir: “Sən hamını şərlədiyin, camaatın arvadına, qızına sataşdığın üçün Allah əməllərini qarşına çıxarıb”. Ə. Zeynallı isə bildirib ki, heç kimi şərləməyib.

G. Əhmədova ifadəsində bildirib ki, Ə. Zeynallını 2005-ci ildən tanıyır: “Mənim yanımda Nigar Almanqızı adlı bir nəfər işləyirdi. Mən ona çox yaxşılıq eləmişdim. Lakin o mənim pullarımı götürüb qaçdı. Mən də bunu Əvəzə danışdım. Dedim ki, onu məhkəməyə verəcəyəm. Lakin Əvəz bildirdi ki, Nigarı tapıb mənimlə görüşdürəcək. Mən də razılaşdım. Bir müddət sonra Əvəz mənimlə görüşəndə dedi ki, o qızda mənin video görüntüm var, onu məhkəməyə versəm, o görüntüləri yayacaq. Mən də gülüb dedim ki, varsa, yaysın. Üstündən bir müddət keçəndən sonra oğlum mənə dedi ki, haqqımda qəzetdə anons gedir. Mən də Əvəzlə bir daha görüşdüm. Xahiş elədim ki, o qıza inanma, barəmdə nə yaxşı, nə pis heç nə yazma. Razılaşdıq ki, Əvəzə on min manat versəm, məndən bir daha yazmayacaq. Lakin bilirdim ki, heç nədən sığortalanmamışam. Çox çarəsiz olduğum üçün onun səsini diktofona və telefona yazdım. Sonra Əvəzə də başa saldım ki, mənə qarşı hansısa hərəkəti eləsə, cavabın alacaq. Lakin başa düşmədi. Mən də gedib şikayət elədim. Üç oğul anasıyam. Vəzifə gəldi gedərdi, lakin ana, bacı adı həmişə qalır. Mən oğul böyütmüşəm ki, Əvəzi vurub öldürsün, qatil olsun? Mənə çıxış yolu qoymadılar. Mən də belə elədim”.

Ə. Zeynallı isə bildirib ki, G. Əhmədova haqqında onda heç bir rüsvayedici məlumat olmayıb. O, cinayət işinin G. Əhmədova ilə olan hissəsinə hazır olmadığını, onun növbəti prosesə də çağırılmasını xahiş edib.

Prosesi iyulun 11-nə təxirə salınıb.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR