Mübariz Əhmədoğlu: “İranın “Xudafərin” Azad Ticarət Zonası yaratmaq ideyasının Azərbaycan Respublikasına qətiyyən aidiyyəti yoxdur”

Mübariz Əhmədoğlu: “İranın “Xudafərin” Azad Ticarət Zonası yaratmaq ideyasının Azərbaycan Respublikasına qətiyyən aidiyyəti yoxdur”
# 17 sentyabr 2012 09:53 (UTC +04:00)
Bakı-APA. “Rəsmi dövlət mətbu orqanı hesab edilən “IRNA” Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovun Şərqi Azərbaycan Ostanlığının başçısı Ə. Beyqi ilə görüşündən istifadə edərək özlərinə lazım olan informasiyanı yaydılar: guya Azərbaycan tərəfi “Xudafərin” Azad Ticarət Zonasında(AZT) iştirak etməyə hazırdır. Şərqi Azərbaycan Ostanlığının rəhbərliyilə görüşməkdə səfirimizin əsas məqsədi Azərbaycanın zəlzələdən zərər çəkmiş regionlarda məktəb və ya xəstəxanalar tikməklə zəlzələdən zərər çəkənlərə yardım etmək təklifini çatdırmaq idi”.

APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.. Onun sözlərinə görə, Azərbaycanda və İranda təbii fəlakətlərin aradan qaldırılmasında hakimiyyətlərin iştirakı müxtəlif rola malikdir: “Azərbaycanda təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sonadək hakimiyyətin üstündə olduğu halda, İranda müəyyən qədər yardım verməklə işi bitmiş hesab edirlər.

“Xudafərin” ATZ -nın fəaliyyətə başlaması İranın işğal altındakı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsinə hərtərəfli köməyindən sonra mümkündür.

“IRNA”-nın Xudafərin Azad Ticarət Zonası yaratmaqla bağlı məlumat yaymasına azərbaycanlı səfirin təklifindən İranın şövqlənməsi kimi baxmaq kökündən səhvdir. Ən azı, İran tərəfi Azərbaycanın məktəb və ya xəstəxana tikməklə bağlı təklifinə hələ münasibət bildirməyib. Bəlkə də Azərbaycanın bu təklifinə münasibət bildirmək üçün işğal olunmuş ərazilərdə azad ticarət zonası tikmək ideyasını kinayəli formada yada salır: torpağın işğal altındadır, pulun varsa, İranda məktəb və ya xəstəxana tikmə, get, torpağını azad et.

Bir neçə dəfə təkrar olunmuş fikri bir daha yada salmaq istəyirik: Dağlıq Qarabağ probleminin həll olunmasında İrandan başqa istənilən dövlətin köməyini qəbul edə bilərik. İran 200 dollarlıq yardım üzərində 200 000 dollarlıq təbliğat kampaniyası quran dövlətdir; etdiyi yardımi tarix boyu başımıza qaxınc edəcəkdir. Eləcə də onun ermənilərlə “bir millət iki dövlət” halında qaynayıb qarışması da bizlərdə inam yarada bilməz. Ona görə İran mətbuatının “Xudafərin” ATZ yaradılması, Azərbaycan iş adamlarının investisiya yatırması ilə bağlı deyilənləri Azərbaycan Respublikasına dəxili olmayan məsələ hesab edirik.

Başqa tərəfdən iranlıların da siyasəti ermənilərin siyasəti kimidir: bir dovşana gülləni atmazlar; gərək minimum iki dovşan olsun. “Xudafərin” ATZ-nin yaradılmasında üç belə “dovşan” var:

- birincisi, İranın daxili vəziyyəti ilə bağlıdır. İranda növbəti prezident seçkilərinin vaxtı elan edildi. Fəaliyyətdə olan prezident M.Əhmədinecadın “varis planının” olması Qərb və Rusiya mətbuatında cüzi də olsa, işıqlandırılmışdır. Parlament seçkilərində M.Əhmədinecadın tərəfdarları çox pis bir şəkildə uduzdu, dindarlar qalib gəldilər. Bu, əhalidə dini əhval-ruhiyyənin güclənməsinin göstəricisidir. M.Əhmədinecad “varis planını” reallaşdırmaq istəyirsə, siyasətində islami prinsiplərə tam riayət etdiyi sübut etməlidir. Ermənilərlə iranlıların eyni mədəniyyətin daşıyıcısı olması ideyasının müəllifi M.Əhmədinecaddır. Özü, müavini və bir neçə naziri Yerevanda olarkən bu fikri təkrarlayıblar. M.Əhmədinecad ermənilərlə iranlıların “bir millət, iki dövlət” olduğunu ortalığa qoydu. Bu şüarla o, dindarların rəğbətini qazana bilməyəcəkdir”.

İranda nəsranilər termininin son zaman yenidən dəbə minməsi diqqəti çəkir.

Zəlzələ bölgəsində əhalinin narazılığı sosial gərginliyə keçir;

- ikincisi, regional faktordur. İranın Cənubi Qafqaz regionu üzrə siyasəti iflasdadır. İllik mal dövriyyəsində artım yalnız Ermənistanla münasibətlərdə mövcuddur; Gürcüstanla bu göstərici hədsiz kiçikdir və cüzi də olsa, azalma var; Azərbaycanla münasibətdə illik mal dövriyyəsi azalmış və bu azalma sürətlə davam edir. Söhbət təkcə mal dövriyyəsinin azalmasından getmir. Türkiyə regionda gedən proseslərə tamamilə yeni dinamizm vermişdir. Trabzon sammiti Naxçıvanda üçlü görüşün iflasının nəticəsidir. Naxçıvanda üçtərəfli görüşün nəticəsiz qalmasının və ya iflasa uğramasının əsas səbəbi İranın Ermənistanı proteksiya etməsi oldu. İranın Ermənistanı müdafiə etməsinə etiraz etmirik, amma İran Dağlıq Qarabağ münaqişəsini həll etmək istəməyən Ermənistanı proteksiyasına alır. Yaxın illərdə Trabzon bəyannaməsi reallaşacaqsa, Ermənistan üzərində Rusiyanın təsiri artacaqsa, bu, faktiki, İranın Cənubi Qafqaz regionuna daxil olmasına şlaqbaumun qoyulması deməkdir;

- “Xudafərin” ATZ-nın rəsmi Tehran tərəfindən gündəliyə gətirilməsində üçüncü hədəf Ermənistan-İran münasibətlərində gərginliklə bağlıdır. Gərginlik var, lakin həm İran, həm də Ermənistan tərəfi bu gərginliyi gizlətməyə nail ola biliblər. 10-14 sentyabrda Araz çayının su ehtiyatlarından birgə istifadə məsələlərini araşdırmaq və razılığa gəlmək məqsədilə İranın ekologiya məsələləri üzrə vitse-prezidentinin rəhbərliyi ilə nümayəndə heyəti Ermənistana səfər etməli idi. Lakin Ermənistan tərəfi bu səfərə razılıq vermədi. Ermənistan prezidentinin İrandakı Qoşulmama hərəkatının sammitində iştirakdan imtina etməsindən sonra bu hadisə təsadüfi hesab edilə bilməz. Həm də bu dövrdə Suriyadakı ermənilər B. Əsəd hökumətini müdafiə etməkdən imtina etdilər. Söz yox, ermənilər bunu diplomatik şəkildə etdilər, amma nə fərqi. B.Əsəd erməniləri öz tərəfinə çəkmək məqsədilə 20 milyonluq dövlətdə 50 minlik bir icmaya nazir postu verdi. Suriya müxalifəti isə yerli ermənilərə heç bir vəd vermədi. Belə bir şəraitdə Suriya xristianları icmasının B.Əsədin müdafiəsi ilə bağlı bəyanatına qarşı Suriya ermənilərinin inkar edici bəyanat yaymasına başqa ad vermək mümkün deyil. İran başa düşür ki, bütün şərq dövlətlərindəki ermənilər ABŞ MKİ-nin agentləridirlər.

Ermənistan və Türkmənistan elektrik enerjisi mübadiləsinin İran üzərindən aparılması layihəsi də ermənilərin iranlılar üçün qurduğu tələdir.

Hər halda İranın regional siyasətində məcburi dəyişikliklər baş verir. Bütün bunların hamısı barədə ətraflı izahata ehtiyac vardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR