“Mədəniyyət haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Mədəniyyət haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
# 19 oktyabr 2012 12:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Mədəniyyət haqqında” qanun layihəsi ikinci oxunuş üçün müzakirə olunub. Sənəd barədə komitə sədri Nizami Cəfərov bildirib ki, son 10 ildə Azərbaycanda mədəniyyət sahəsində köklü dəyişikliklər baş verib, yaradıcı təşkilatların spesifikası dəyişib, xeyli yaradıcılıq uğurları əldə olunub: “Bu, qanunvericilik sahəsində də əsaslı dəyişiklik etməyə vadar edir”.

N.Cəfərov bildirib ki, birinci oxunuşda təqdim olunan layihə kifayət qədər mükəmməl olmadığından dəyişdirilib və ikinci oxunuş üçün təqdim olunan layihə kifayət qədər təkmildir: “Qanun ölkədə mədəniyyət və incəsənət sərvətlərinin yaradılması, qorunması, dirçəlişi, inkişafı və yayılması sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun eyni zamanda mədəniyyət sahəsində insan hüquq və azadlıqları təmin edir, bu sahədə hüquqi, təşkilati, iqtisadi və sosial təminatlarını, mədəniyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini müəyyən edir. Sənəd 12 fəsil 69 maddədən ibarətdir”.

N.Cəfərovun sözlərinə görə, layihə birinci oxunuşdan fərqli olaraq ciddi dəyişiklə işlənib: “İlk layihədə qanun 9 fəsil 44 maddədən ibarət olsa da, ikinci oxunuşda təkmil işlənmədən sonra daha geniş spektri əhatə edib”. Qeyd olunub ki, qanun layihəsində mədəniyyət sahəsində dövlət reyestrinin aparılması öz əksini tapıb. Bu dövlət reyestri sistemi müxtəlif reyestrlər, kataloqlar, uçot sistemləri, dövlət mədəniyyət əmlakının siyahıları, qeydiyyat sistemlərindən ibarətdir. Həmçinin qanun layihəsində mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması öz əksini tapıb. Bildirilib ki, monitorinqlər mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyəti və mövcud boşluqların müəyyən edilməsi və gələcək siyasət istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilir.
Müzakirələrdə deputatlarla yanaşı mədəniyyət və incəsənət xadimləri də iştirak edib. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR