“Məhv edilmiş gələcək-Aygün” sənədli filminin təqdimatı keçirilib - FOTO

“Məhv edilmiş gələcək-Aygün”  sənədli filminin təqdimatı keçirilib -<font color=red> FOTO</font>
# 18 iyul 2012 14:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təşəbüsü ilə çəkilən “Məhv edilmiş gələcək-Aygün” sənədli filminin təqdimatı keçirilib.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun mətbuat ximdətindən APA-ya verilən məlumata görə, filmin direktoru və məsləhətçisi, Milli Məclisin deputatı Qənirə Paşayeva, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.

Erməni terrorunun qurbanı olan 11 yaşlı Aygün Şahmalıyevanın faciəsindən bəhs edən filmlə bağlı fikirlərini bölüşən Q. Paşayeva bildirdib ki, bir il öncə ermənilər tərəfindən həyata keçirilən terror nəticəsində qətlə yetirilən 11 yaşlı Aygünün faciəsi dünyada analoqu olmayan bir hadisədir: “Oyuncağın içərisinə partlayıcı qurğu yerləşdirməklə bir uşağın həyatına son qoymaq heç bir məntiqə sığmayan vəhşilikdir. Bu terror təkcə Aygünün həyatına son qoymayıb, hadisə baş verən Tovuzun Əlibəyli kəndində hadisəyə şahid olan uşaqlarda mənfi izlər buraxıb. Erməni terrorunun Aygün kimi Xocalıda və digər hadisələr zamanı onlarla qurbanı var. Aygün və onun kimi şəhid olmuş azərbaycanlı uşaqları beynəlxalq təşkilatların laqeydliyinin, biganəlinin qurbanıdır. Əgər bu təşkilatlar vaxtında Xocalıda baş verənlərə və digər hadisələrə reaksiya versəydilər, Aygün qətlə yetirilməzdi. Səssiz qalan cinayət, digər bir cinayətin əsasını qoyur”.

Q. Paşayeva bildirib ki, film ingilis, rus dillərinə tərcümə olunaraq, dünya ictimaiyyətinə çatdırılacaq: “Bu işdə QHT-ləri, vətəndaş cəmiyyətlərini də aktiv olmağa çağırıram”.

Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova deyib ki, ermənilərin məqsədi insanları qorxu altında saxlamaqla onları öz torpaqlarından qaçmağa məcbur etməkdir: “Ancaq onlar unutmamalıdır ki, bu gün sərhədyanı kəndlərdə insanlar mərdliklə, heç bir çətinliyə baxmadan qəhrəmanlıqla yaşayırlar”.

E. Süleymanova torpaqlarımızın itirilməsinin, baş verən bu cür hadisələrin səbəbini beynəlxalq təşkilatların bitərəfli mövqe tutması ilə əlaqələndirib: “BMT qərəzli fəaliyyət göstərməsi, biganəliyi bu cür hadisələrin baş verməsinə təkan verir. Prezident İlham Əliyevin fəaliyyətin nəticəsində nəhayət ki, dünyada erməni təcavüzü sözləri qəbul olunmağa başlayıb. Artıq dünyada bu məsələylə bağlı fikr dəyişməkdədir. Ancaq mübarizə davam etməlidir ki, Aygünlərin, Farizlərin, Xocalıda şəhid olan uşaqların qanı yerdə qalmasın. Bu işdə Qənirə xanımın zəhməti ilə ərsəyə gələn belə filmlərə böyük ehtiyac var”.

Millət vəkilləri Vahid Əhmədov, Ceyhun Osmanlı, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Orxan Əkbərov da bu cür filmlərin davam olmasının böyük önəm kəsb etdiyini deyiblər.

Tədbirin sonunda jurnalistlərə açıqlama verən Aygün Şahmalıyevanın anası Elnarə Şahmaliyeva filmin yaradıcılarına təşəkkürünü bildirib və hər kəsi Aygünü unutmamağa cağırıb: “Gəlin Aygünü, Xocalıda şəhid olan balaları unutmayaq ki, ermənilər də bunu bilsin və onların qanının yerdə qalmayaşağını anlasın”.

Qeyd edək ki, “Məhv edilmiş gələcək-Aygün” sənədli filminin çəkilişləri Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR