Kristof Ştrasser: “Azərbaycan hökumətinə bizdə olan siyahını təqdim etmişik”

Kristof Ştrasser: “Azərbaycan hökumətinə bizdə olan siyahını təqdim etmişik”
# 26 iyun 2012 20:35 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun İnsan hüquqları və hüquqi məsələlər üzrə Komitəsinin sədri Kristofer Çop, « Siyasi məhbus anlayışının təsnifi » və «Azərbaycanda siyasi məhbuslar » üzrə məruzəçi Kristof Ştrasser mətbuat konfransı keçiriblər.

APA-nın Avropa bürosunun məlumatına görə, konfransda İnsan hüquqları və hüquqi məsələlər üzrə Komitənin iki iclasının keçirildiyi, qurumun ilk iclasında « Siyasi məhbus anlayışının təsnifi » adlı, ikinci iclasında isə « Azərbaycanda siyasi məhbuslar » adlı qətnamə qəbul edildiyi xatırladılıb.

Məruzəçi Kristof Ştrasserin sözlərinə görə, ona təqdim olunan siyahılarda “Azərbaycanda ehtimal olunan 90-na qədər siyasi məhbusun adı var” və həmin şəxslərdən kimlərin siyasi məhbus olduğunu müəyyənləşdirmək üçün artıq Komitədə «Siyasi məhbus” anlayışına təsnifat verən sənəd qəbul edilib, kriteriyalar müəyyənləşib.

Ştrasser qeyd edib ki, o, Azərbaycan üzrə hesabatını bu kriteriyalar üzrə hazırlayıb: « Biz bu kriteriyalara uyğun olan məhbusların azad edilməsinə çağırırıq. Biz öz növbəmizdə Azərbaycan hökumətinə bizdə olan siyahını təqdim etmişik. Bir daha deyirəm ki, biz məhkəmə deyilik, tələb etmirik ki, bu və ya digər şəxslər dərhal azad edilsin. Bizim istəyimiz odur ki, Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn hüquqlar təmin olunsun və indiki mərhələdə dəqiq olmasa belə, bu 90 nəfərin Konvensiyanın maddələrinə uyğun olaraq həbsdən azad olunmalarına çağırmışıq. Biz indi artıq siyasi məhbus anlayışını dəqiqləşdirdik, istədiyimiz odur ki, bu işlər təsnifata uyğun aparılsın”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR