Bakı. Könül Cəfərli – APA. «Son dövrdə Türkiyənin qızıl ixracatının artmasının ən böyük səbəbi İrandır». APA-nın məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini, dövlət naziri Əli Babacan bildirib. Onun sözlərinə görə, Türkiyə son 9 ayda 6,7 mlrd. dollarlıq qızıl idxal edib, 10,7 mlrd. dollarlıq da ixrac reallaşdırıb: «Qızıl ixracının 6,4 mlrd. dolları İrana, 3,2 mlrd. dolları isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) həyata keçirilib. Türkiyə olaraq İrandan aldığımız qazın pulunu milli valyutamızla İranın Türkiyədəki bank hesabına yatırdırıq. Lakin İranın ABŞ-ın sanksiyaları, beynəlxalq məhdudiyyətlər səbəbindən həmin pulu dollar olaraq öz ölkəsinə götürməsi mümkün deyil. İran bunu valyuta şəklində ölkəsinə apara bilmədiyinə görə yatırdığımız pulu öz hesabından çıxarır və bazardan qızıl alır və həmin qızılı öz ölkəsinə aparır. Ancaq necə apardıqlarını bilmirəm. Yəni, işin əsl tərəfi budur. Beləliklə, İrana qızıl ixracı əslində bizim həmin ölkədən aldığımız təbii qazın pulunu ödəməyimizin qarşılığı olur».