Bakıda Heydər Əliyev Mərkəzi fəaliyyətə başlayıb

Bakıda Heydər Əliyev Mərkəzi fəaliyyətə başlayıb
# 10 may 2012 19:55 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakıda Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə mərasim keçirilib.

APA-nın xəbərinə görə, Mərkəzdə Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim də keçirilib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Prezident İlham Əliyev Mərkəzin açılış mərasimində çıxış edib.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin nadir memarlıq abidəsi adlandırıb və kompleksin yaradılması ideyasından danışıb.

Prezident mərkəzin layihəsinin müəllifi olan memar Zaha Hadidə və tikintidə iştirak edənlərə təşəkkürünü bildirib.

Prezident Bakının rəmzləri sırasına Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, “Kristal saray” və Heydər Əliyev Mərkəzinin də daxil olduğunu bildirib.

Prezident Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən danışıb: “Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafına çalışıb. Ulu öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük problemlərlə üzləşdi, Dağlıq Qarabağda separatçılıq meyilləri gücləndi, Qanlı Yanvar hadisəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımızın işğalı prosesi başladı, ölkə gərgin ictimai-siyasi təzyiqlərlə üz-üzə qaldı. 1993-cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə qayıdan Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və xalqın ona olan məhəbbəti sayəsində Azərbaycan üzləşdiyi fəlakətlərdən xilas oldu. Ölkə tərəqqi dövrünə qədəm qoydu, bütün sahələrdə inkişaf meyilləri gücləndi. Ona görə də Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi və qurucusudur”.

Prezident son illərdə ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatlardan danışıb, demokratikləşmə prosesinin sürətlə getdiyini bildirib.

Dövlət başçısı Azərbaycanın iqtisadi nailiyyətlərinin beynəlxalq maliyyə qurumları tərəfindən də təsdiqləndiyini qeyd edib: “İndi Azərbaycan güclü iqtisadiyyata və güclü orduya malikdir. Biz heç vaxt imkan vermərik ki, Azərbaycanın suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin”.

Ölkə başçısı Azərbaycanın beynəlxalq təşkilatlarda göstərdiyi prinsipial mövqeyinin milli maraqlara, ədalətə və beynəlxalq hüquqa əsaslandığını vurğulayıb.

Dövlət başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkənin diplomatik uğuru olduğunu da qeyd edib.

Prezidentin çıxışından sonra Heydər Əliyev Mərkəzi ilə bağlı film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə çıxış edən Fondun prezidenti Mehriban Əliyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb, bu qurumun bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini deyib.

M. Əliyeva Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin uğurla başa çatması üçün Heydər Əliyev Fondunun imkanlarını əsirgəməyəcəyini də qeyd edib.

Daha sonra isə Fondun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi dəstəyə görə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas mükafatla təltif olunub.

Beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyev də “Qızıl çınar” mükafatına layiq görülüb.

Daha sonra mərasim konsert proqramı ilə davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR