Frankfurt aeroportunda dispetçerlərin tətili həftə sonuna qədər davam edəcək

Frankfurt aeroportunda dispetçerlərin tətili həftə sonuna qədər davam edəcək
# 21 fevral 2012 08:46 (UTC +04:00)
Bakı - APA-Economics. Frankfurt aeroportunun dispetçerləri elan etdikləri tətilin müddətini daha üç gün - fevralın 24-nə qədər artırıblar.

APA-Economics”in “Spiegel”ə istinadən xəbərinə görə, maaşlarının artırılmasını tələb edən aviadispetçerlərin sabah işə çıxması gözlənilsə də, onlar tətili fevralın 24-də yerli vaxtla saat 23:00-da dayandıracaqlarını bildiriblər.

Tətil səbəbindən aviaşirkətlər hər gün yüzlərlə aviareysi təxirə salmaq məcburiyyətində qalır ki, bunların da ən çoxu “Lufthansa”nın payına düşür. Aviaşirkətlər hər gün öz saytlarında ləğv olunmuş aviareyslərin siyahısını yerləşdirir.

Qeyd edək ki, Frankfurt aeroportunda təyyarələrin aerodrom ərazisində və uçuş-eniş zolağında hərəkətinə cavabdeh olan dispetçerlər Hava nəqliyyatını idarəetmə işçilərinin Həmkarlar İttifaqının (GdF) çağırışı ilə fevralın 16-dan tətilə başlayıb. Aeroportu idarə edən “Fraport AG” şirkəti ilə GdF-nin bir neçə aydır apardığı danışıqlar nəticəsiz qalıb və dispetçerlərin əmək haqları artırılmayıb. Tələbləri əsassız sayan şirkət tətili şantaj kimi qiymətləndirib. Hazırda tətil edən dispetçerlərin yerinə işə müvəqqəti əməkdaşlar götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR