Azərbaycanda mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi qaydası müəyyənləşdirilib

Azərbaycanda mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi qaydası müəyyənləşdirilib
# 01 iyun 2016 01:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxildir.

Daşınmaz mədəni sərvətlərin (milli mədəni irs üçün önəmli olan memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini və dünyəvi abidələr, o cümlədən tarixi və bədii əhəmiyyəti olan arxeoloji, təbii ərazilər və memarlıq kompleksləri, daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar, mədəni sərvətlərin toplandığı yerlər) Dövlət Siyahısına daxil edilməsi Nazirlər Kabineti tərəfindən, daşınar mədəni sərvətlərin (qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər, incəsənət abidələri) Dövlət Siyahısına daxil edilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyi, habelə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məqsədyönlü layihələrin, dövlət proqramlarının, strategiyaların və tədbirlər planlarının icrası məqsədi ilə Nazirliyin, habelə İdarənin təşəbbüsü, fiziki və ya hüquqi şəxslərin, habelə arxeoloji qazıntını aparmış şəxsin “İnzibati icraat haqqında” qanuna əsasən müraciəti və dövlət və ya yerli özünüidarə orqanlarının müraciətiinə əsasən tarixi, arxeoloji, memarlıq, şəhərsalma, incəsənət, elmi və texniki, estetik, etnoloji və ya antropoloji əhəmiyyətli mədəni sərvətləri müəyyən edir. Daşınmaz mədəni sərvətlərə münasibətdə Mədəniyyət və Turizm Nazirliyi, habelə İdarə tərəfindən mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi məqsədi ilə Nazirlər Kabinetinə müraciət edilməsi üçün, daşınar mədəni sərvətlərə münasibətdə isə Nazirlik tərəfindən mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi üçün əsasdır. Dövlət Siyahısına daxil edilənə və ya Dövlət Siyahısına daxil edilməsindən imtina edilənədək bu mədəni sərvətlər nazirlik, habelə İdarə tərəfindən mühafizə edilməlidir.

Daşınmaz mədəni sərvətin müəyyən olunması barədə qərar qəbul edildikdən sonra Mədəniyyət və Turizm Nazirliyi, habelə İdarə tərəfindən Nazirlər Kabinetinə müraciət edilir. Daşınmaz mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi üçün həyata keçirilmiş ekspertizanın nəticələri əlavə edilir. Buraya mədəni sərvətin adı, yaradılma tarixi, yeri, əhəmiyyət dərəcəsi, təsviri, mülkiyyətçisi və ya istifadəçisi barədə məlumatlar və mədəni sərvətin fotoşəkli əlavə edilir. Daşınmaz mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi və ya daxil edilməsindən imtina edilməsi barədə qərar müvafiq sənədlər Nazirlər Kabinetinə təqdim edildiyi gündən 30 gün müddətinə qəbul edilməlidir. Daşınar mədəni sərvətlərin müəyyən olunması barədə qərar qəbul edildikdən 3 gün müddətində onlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan daşınar mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilir. Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətə pasport verilir. Daşınmaz mədəni sərvətə verilmiş pasport mədəni sərvətin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməlidir. Daşınar mədəni sərvətlərin qeydiyyatı isə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasının mədəni sərvətlərinin mühafizə siyahısı mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxildir. Milli mədəni irs üçün önəmli olan memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini və dünyəvi abidələr, o cümlədən tarixi və bədii əhəmiyyəti olan arxeoloji, təbii ərazilər və memarlıq kompleksləri, daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar, mədəni sərvətlərin toplandığı yerlər, qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər, incəsənət abidələri, digər daşınar və daşınmaz mədəni sərvətlər (milli mədəni arxivlər, sualtı mədəni irs nümunələri, “Mədəniyyət haqqında” qanunda göstərilən digər mədəni sərvətlər) mədəni sərvətlərin mühafizə siyahısına daxil edilir. Daşınmaz mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir, daşınar mədəni sərvətlərin mühafizə siyahısı isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılır. Digər mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi fiziki və ya hüquqi şəxslərin “İnzibati icraat haqqında” qanuna uyğun olaraq müraciəti əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Digər mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi dövlət və ya yerli özünüidarə orqanlarının müraciəti əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR