Azərbaycan XİN rəhbəri makedoniyalı həmkarı ilə görüşüb

Azərbaycan XİN rəhbəri makedoniyalı həmkarı ilə görüşüb
# 30 sentyabr 2015 10:13 (UTC +04:00)

Bakı - APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Makedoniya xarici işlər naziri Nikola Poposki ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub.

E. Məmmədyarov Azərbaycanın Balkan regionu ölkələri ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin və müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Makedoniya arasında enerji, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu bildirilib, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığı və qarşılıqlı dəstəyinin vacibliyi qeyd edilib.

Bununla yanaşı, Cənub qaz dəhlizinin reallaşdırılması, Şahdəniz II layihəsinin icrası, habelə TANAP və TAP xəttinin inşası üzrə işlərin gedişi barəsində məlumat verən E. Məmmədyarov layihə çərçivəsində boru xəttinin keçəcəyi ölkələrdə yeni iş yerlərinin və investisiya imkanlarının açılacağını, regional əməkdaşlığın inkişaf edəcəyini və diversifikasiya olunmuş mənbə hesabına qaz təchizatının təmin olunacağını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR