“Azərbaycanfilm” kinostudiyasında Elbrus Vahidovun yubiley tədbiri keçirilib

“Azərbaycanfilm” kinostudiyasında Elbrus Vahidovun yubiley tədbiri keçirilib
# 13 iyun 2016 16:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəssam Elbrus Vahidovun 65 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

APA-nın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, E. Vahidov ömrünün 47 ilini kinostudiyada keçirib, müxtəlif filmlərdə çalışıb: “Elbrus müəllim “Tütək səsi”, “Ad günü”, “Xoşbəxtlik qayğıları”, “Yeddi oğul istərəm”, “Uzun ömrün akkordları”, “Özgə ömür”, “Yaramaz”, “Təhminə”, “Özgə vaxt”, “Yalan”, “Tərsinə çevrilən dünya”, “Otel otağı”, “Sübhün səfiri” və onlarla başqa filmlərdə gərgin yaradıcılıq axtarışları hesabına, qrimdən, rənglərdən səmərəli istifadə etməklə rejissorların istədiyi obrazı ərsəyə gətirib və onun uğurlu yaradıcılıq fəaliyyəti ən məşhur, tələbkar rejissorlarımız tərəfindən həmişə yüksək qiymətləndirilib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində xalq artisti Adil İsgəndərovun yaratdığı 3 illik kinoaktyorluq kurslarında aldığı təhsil onu aktyor kimi də özünü sınamağa həvəsləndirib və bir çox filmlərdə yaratdığı epizodik rollarla da yadda qalıb. Bilik və bacarıqlarını həmişə başqaları ilə bölüşən bir ustad kimi yetirmələri bu gün teatrlarımızda, telekanallarda, kinoda müvəffəqiyyətlə peşəkar fəaliyyət göstərir”.

Qeyd edək ki, E. Vahidov 5 iyun 1951-ci ildə Ağdaşda anadan olub. Qrim üzrə rəssam kimi ilk müstəqil işi “Tütək səsi” filmindən başlayıb. O, 2000-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR