"Günəşli" yatağında itkin düşənlərin axtarışı üçün Xəzəryanı ölkələrdən icazə alınıb

"Günəşli" yatağında itkin düşənlərin axtarışı üçün Xəzəryanı ölkələrdən icazə alınıb
# 16 dekabr 2015 15:59 (UTC +04:00)

Bakı. Natiq Qədimov - APA. "Fövqəladə Hallar Nazirliyinin aviasiya parkında olan təyyarə və vertolyotlar "Günəşli" yatağında baş verən qəzada itkin düşənlərin axtarışını davam etdirir".

Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin bort texniki mayor Etibar Nəzərov deyib.

E. Nəzərov bildirib ki, Aviasiya Dəstəsinin rəisinin göstərişinə əsasən, hər gün havanın işıqlı vaxtında 4 vertolyot və bir təyyarə itkin düşmüş neftçiləri axtarır.

"Axtarış geniş miqyasda davam etdirilir. Xəzəryanı ölkələrdən də axtarış üçün müvafiq icazə alınıb . Azərbaycan sərhədlərindən kənarda - Xəzərin Türkmənistan, İran, Rusiya və Qazaxıstana aid hissəsində də itkin düşənlərin axtarışı aparılır", - deyə mayor qeyd edib.

Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışına FHN-in, DSX-nın, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmiləri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR